Azərbaycanda rus bölmələrinin mərhələli şəkildə ləğvi gözlənilir
Azərbaycanda rus bölməsində təhsil məsələsi yenidən geniş müzakirələrə səbəb olub. Uzun illərdir bu mövzu ilə bağlı fərqli fikirlər səslənsə də, son dövrlər dövlət dilinin mövqeyinin daha da gücləndirilməsi ilə bağlı müzakirələr fonunda məsələ yenidən aktuallaşıb. Bəzən elə hallarla rastlaşırıq ki, rus bölməsində təhsil alan bəzi şagirdlər Azərbaycan dilini lazımi səviyyədə mənimsəyə bilmir, hətta ana dilində sərbəst danışmaq və yazmaqda çətinlik çəkirlər. Bu isə cəmiyyətdə narahatlıq doğuran məqamlardan biri kimi qiymətləndirilir. Məhz buna görə də rus bölmələrinin mərhələli şəkildə bağlanması və gələcəkdə bu sektora qəbulun dayandırılması ilə bağlı təkliflər yenidən gündəmə gətirilir.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Crossmedia.az-a mövzu ilə bağlı yanaşmasını bildirib:
"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və ölkə ərazisində dövlət təhsili yalnız Azərbaycan dilində aparılmalıdır. Qanun bunu tələb edir. İstər rus, istər ingilis, istərsə də başqa dillərdə təhsil yalnız özəl təhsil müəssisələrində ola bilər. Bu, normal yanaşmadır. Çünki dünyanın bir çox ölkələrində fərqli dillərdə təhsil almaq istəyən insanlar var. Lakin dövlət maraqları və dövlətçilik baxımından başqa bir dövlətin rəsmi dilində təhsilin Azərbaycanda dövlət büdcəsi hesabına maliyyələşdirilməsi yolverilən deyil. Azərbaycan dövlətinin büdcəsi yalnız Konstitusiyanın tələblərinə uyğun olaraq Azərbaycan dilində aparılan dövlət təhsilini maliyyələşdirə bilər. Bu baxımdan rus bölmələrinin mərhələli şəkildə ləğv edilməsi və bağlanması həm Azərbaycan qanunvericiliyinə, həm də milli maraqlara uyğundur. Xarici dilləri öyrənmək istəyənlər üçün dil kursları və özəl təhsil imkanları mövcuddur. Xarici dillərin öyrənilməsi dəstəklənməlidir. Ancaq bunun üçün dövlət büdcəsi hesabına başqa dildə təhsilin maliyyələşdirilməsi məqsədəuyğun deyil. İndiyədək bu sistem müxtəlif geosiyasi amillərlə bağlı mövcud olub. Lakin Azərbaycan müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq mövqelərini möhkəmləndirmək istiqamətində çətin bir yol keçib. Prezident İlham Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ölkə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə müstəqilliyə uyğun olmayan bütün amillər aradan qaldırılmalıdır. Həmin məsələlərdən biri də başqa bir dövlətin dilində təhsilin dövlət büdcəsi hesabına maliyyələşdirilməsidir".
Ekspert bildirib ki, bu addım dövlət dilinin mövqeyinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir:
"Başqa bir dövlətin dilinin ölkədə təhsil dili kimi tətbiqi gələcəkdə həmin dövlətə xüsusi simpatiya bəsləyən və müxtəlif təsirlərə açıq olan bir kontingentin formalaşmasına səbəb ola bilər. Düzdür, rus bölməsində təhsil almış və vətənini sevən çoxlu insanlar var və bunu heç kim inkar etmir. Lakin ümumi prinsip baxımından bu model milli dövlət maraqlarına uyğun deyil. Buna görə də rus bölmələrinin mərhələli şəkildə bağlanması məqsədəuyğundur. Hazırda təhsilini başa vurmaq üzrə olan şagirdlərin mənafeyi nəzərə alınmalıdır. Bu səbəbdən proses mərhələli həyata keçirilməli, yuxarı sinif şagirdləri təhsillərini başa vurduqdan sonra digər şagirdlər Azərbaycan bölmələrinə və ya öz istəkləri ilə özəl təhsil müəssisələrinə köçürülməlidirlər. Bundan sonra isə rus sektoruna qəbul dayandırılmalı və sektor tam bağlanmalıdır".
Turqut Ansari
12:30 11.07.2026
Oxunuş sayı: 67