"Məhəmməd" adı İngiltərədə 3 ildir rekord qırır - səbəb nədir?
İngiltərə və Uelsdə artıq üçüncü ildir ki, yeni doğulan oğlan uşaqları arasında ən populyar ad Məhəmməddir. Bu, sadəcə bir statistika deyil – müasir Britaniyanın demoqrafik və mədəni dəyişikliklərinin ən aydın göstəricilərindən biridir. Hər il minlərlə ailə övladına İslam peyğəmbərinin adını qoyaraq həm dini ənənəyə sadiqliyini, həm də mədəni kimliyini ifadə edir. Çünki valideynlər uşaqlarına ad qoyarkən həmin adın insanlar tərəfindən necə qarşılandığına, cəmiyyətdə necə reaksiya topladığına da diqqət edir. Bu tendensiya bir tərəfdən müsəlman icmasının artan təsirini, digər tərəfdən isə ad seçimində ənənəvi ingilis adlarının (William, George, Harry kimi) zəifləməsini əks etdirir.
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib:
"Uşağa ad qoymaq sadəcə şəxsi seçim deyil, eyni zamanda cəmiyyətin sosial, mədəni və dini dəyərlərini əks etdirən bir hadisədir. Valideynlər ad seçərkən adın mənasına, dini-mənəvi dəyərinə, ailə ənənələrinə, milli kimliyə və cəmiyyətdə yaratdığı müsbət assosiasiyalara üstünlük verirlər. Bəzi hallarda isə populyar mədəniyyət, tanınmış şəxslər və yaşanılan ölkənin sosial mühiti də bu seçimə təsir göstərir".

Sosioloq qeyd edib ki, İngiltərə və Uelsdə 'Məhəmməd' adının ardıcıl üçüncü il ən populyar oğlan adı olması təsadüfi deyil: "Bu, ilk növbədə ölkənin demoqrafik strukturunda baş verən dəyişikliklərin, etnik və dini müxtəlifliyin artmasının göstəricisidir. Müsəlman icmalarında bu adın dini baxımdan xüsusi hörmətə malik olması valideynlərin seçimində mühüm rol oynayır. Digər tərəfdən, artıq bu ad yalnız dini deyil, eyni zamanda cəmiyyətin bir hissəsinə çevrilmiş mədəni identiklik elementi kimi qəbul edilir".
Ayhan
14:00 10.07.2026
Oxunuş sayı: 51