Kameranı bu cür quraşdıranlar 1 il həbs oluna bilər
Azərbaycan Respublikası Ali Məhkəməsinin çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması və şəxsi həyatın toxunulmazlığı ilə bağlı formalaşdırdığı yeni hüquqi mövqe cəmiyyətdə geniş rezonans doğurub. Bir çox vətəndaşın gündəlik olaraq qarşılaşdığı bu qonşuluq mübahisəsi artıq konkret hüquqi çərçivəyə salınır. Belə ki, quraşdırılan kamera qonşu həyəti çəkirsə, bu zaman kamera quraşdıran şəxs hüquqi məsuliyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov Ali Məhkəmənin addımını olduqca ciddi, qanuni bir qərar kimi qiymətləndirib və prosesin hüquqi tərəflərini belə izah edib: "Mən Azərbaycan Respublikası Ali Məhkəməsinin şəxsi həyatın toxunulmazlığı ilə bağlı vermiş olduğu bu qərarı kifayət qədər ciddi və qanuni qərar hesab edirəm. Hər bir şəxsin fərdi yaşayış evinin və yaxud mənzilinin təhlükəsizliyi üçün nəzərdə tutulmuş müşahidə kameralarını quraşdırmaq hüququ var. Lakin bu quraşdırılma elə bir şəkildə icra olunmalıdır ki, digər qonşuların şəxsi həyatlarına qanunsuz müdaxilə baş verməsin və onların hüquqlarının toxunulmazlığı pozulmasın. Xüsusilə bildirmək istəyirəm ki, qonşuların hər hansı bir şəxs tərəfindən mənzilinin təhlükəsizliyi üçün quraşdırılmış kameraya baxış keçirmə səlahiyyəti vardır. Yəni vətəndaşın, qonşunun quraşdırdığı kameranın baxış bucağının müəyyən olunmasını tələb etmək hüququ mövcuddur və kameranı quraşdıran mülkiyyətçinin də bu qanuni tələbə riayət etmək kimi birbaşa öhdəliyi var".

Ekspert həmçinin kameranın quraşdırılma qaydalarına əməl olunmadıqda atılacaq hüquqi addımları da qeyd edib: "Əgər kameranı quraşdıran şəxs bu öhdəliyi icra etməkdən boyun qaçırarsa, hüquqlarının pozulduğunu iddia edən qonşu müvafiq qaydada hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər. Vətəndaş bu hərəkətlərin qadağan olunması və kameranın sökülməsi tələbi ilə xüsusi ittiham qaydasında məhkəməyə üz tutmaq hüququna sahibdir. Qeyd edim ki, bu pozuntu sadəcə mülki müstəvidə qalmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə (Şəxsi həyatın toxunulmazlığını pozma) əsasən, şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan bu qanunsuz hərəkətlərə görə məhkəmə tərəfindən 1000 manatdan 2000 manatadək cərimə cəzası, 240 saatdan 480 saata qədər ictimai işlər və ya 1 ilə qədər müddətdə islah işləri kimi ciddi sanksiyalar tətbiq edilə bilər".
Fatimə Cabbarlı
13:00 10.07.2026
Oxunuş sayı: 55