Qayda dəyişdi - müəllimlər məktəbdə bu cür geyinəcək
Milli Məclisin qəbul etdiyi son qanun dəyişikliyi ilə dövlət ümumi təhsil müəssisələrində həm şagirdlər, həm də müəllimlər üçün geyim tələblərinin hüquqi əsasları daha da dəqiqləşdirilib. Dəyişikliyə əsasən, müəllimlərdən işgüzar geyim üslubuna riayət etmələri tələb olunur. Bununla yanaşı, qanunda vahid müəllim forması nəzərdə tutulmur və geyim standartlarının detalları aidiyyəti qurumlar tərəfindən məktəblərə təqdim ediləcək. Məsələ cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunun peşəkar mühitə töhfə verəcəyini bildirsələr də, digərləri müəllimlərin şəxsi seçim azadlığının qorunmasının vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Həbibə Sarıbəyli bildirib ki, qanun dəyişikliyi müəllimlər üçün vahid uniforma nəzərdə tutmur, yalnız işgüzar geyim üslubuna riayət olunmasını tələb edir: "Müəllim təkcə məktəbin deyil, bütövlükdə cəmiyyətin simasıdır və əsas missiyası cəhalətin qarşısını almaq, etik davranışı, estetik zövqü və azad düşüncəni formalaşdırmaqdır. Müəllimlərin sərt çərçivələrə salınması mübahisəli yanaşmadır. Müəllimin geyim seçimi onun şəxsi azadlığının və özünüifadəsinin bir hissəsidir. Əgər müəllim qaydalarla həddindən artıq məhdudlaşdırılarsa, gələcəkdə ondan yaradıcı yanaşma, müasir tədris metodları və şagirdlərdə azad düşüncənin formalaşdırılması tələb etmək çətin olacaq. Şagird hər gün qarşısında yalnız göstərişləri yerinə yetirən, şəxsi seçimi məhdudlaşdırılmış müəllim görərsə, onda tənqidi təfəkkürün inkişafından danışmaq çətinləşər. Müəllimə peşəkar sərbəstlik verilməli və onun daxili etikasına güvənilməlidir. "Sadə və işgüzar" geyim tələbi minimal etik çərçivə kimi qəbul edilməli, məktəb rəhbərləri isə bu ifadəni fərqli şəkildə şərh etməməlidirlər. Geyim səliqəli, zövqlü və açıq-saçıq deyilsə, onun rənginə, materialına və ya saç düzümünə görə irad bildirilməsi müəllimin şəxsiyyətinə və peşəsinə hörmətsizlikdir. 45 dəqiqə ayaqüstə dərs keçən müəllimin rahat idman ayaqqabısı və ya rahat şalvar geyinməsi normal qarşılanmalıdır".

Həbibə Sarıbəyli dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, Böyük Britaniya və ABŞ kimi ölkələrdə müəllimlər üçün sərt geyim forması tətbiq edilmir, daha çox sərbəst və işgüzar üsluba üstünlük verilir: "Sərt geyim məhdudiyyətləri əsasən Filippin, Malayziya, İran, Səudiyyə Ərəbistanı və Sudan kimi ölkələrdə mövcuddur və həmin təhsil modelləri Azərbaycan üçün nümunə hesab olunmur. PISA beynəlxalq qiymətləndirməsində ön sıralarda yer alan Finlandiya və Estoniyada müəllimlər dərsə özlərini rahat hiss etdikləri geyimdə, hətta idman üslubunda daxil olurlar. Dövlət onların peşəkarlığına güvəndiyi üçün geyim seçimini müəllimin şəxsi etikası və zövqünə həvalə edir".
Zeynəb Həsən
18:00 09.07.2026
Oxunuş sayı: 64