‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
İyulun 8-də I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günündə - yeni kitabların təqdimatı panelində Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin müəllifi olduğu ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitab-albomun təqdimat mərasimi keçirildi.
Crossmedia.az xəbər verir ki, İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCO-nun baş direktoru Salim Əl-Malik, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak etdilər. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə - ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başladı. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd etdi ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir. ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.’’ Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd etdi. ‘’ Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil Azərbaycan-Özbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.‘’
Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitab-albomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7-də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.
09:40 08.07.2026
Oxunuş sayı: 45