Alma sirkəsi ilə bağlı doğru bildiyimiz yanlış
Arıqlamaq məqsədilə alma sirkəsindən istifadə son dövrlər yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə bu üsulun maddələr mübadiləsini sürətləndirdiyi, həzmi yaxşılaşdırdığı və çəki itirməyə kömək etdiyi barədə çoxsaylı paylaşımlar yayılır.
Lakin mütəxəssislər bildirirlər ki, sağlam qidalanma və müntəzəm fiziki aktivlik olmadan alma sirkəsinin nəzərəçarpacaq nəticə verməsi mümkün deyil. Onların sözlərinə görə, bu məhsulun düzgün istifadə edilmədiyi hallarda sağlamlıq üçün müəyyən risklər də yarana bilər.

Qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, alma sirkəsinin arıqlamağa təsiri ilə bağlı elmi araşdırmalar onun möcüzəvi vasitə olmadığını göstərir:
"Bir sıra tədqiqatlarda alma sirkəsinin iştahanı qismən azaltması, mədənin boşalma sürətini ləngitməsi və bunun nəticəsində toxluq hissini müəyyən qədər uzatması müşahidə olunub. Lakin əldə olunan çəki itkisi adətən çox cüzi olur və uzunmüddətli nəticələri təsdiqləyən kifayət qədər güclü elmi sübut yoxdur. Yəni yalnız alma sirkəsi qəbul etməklə nəzərəçarpacaq və davamlı arıqlamaq mümkün deyil".
Onun sözlərinə görə, alma sirkəsinin həddindən artıq və ya durulaşdırılmadan istifadəsi bəzi sağlamlıq problemlərinə səbəb ola bilər:
"Belə hallarda mədə və qida borusunun qıcıqlanması, diş minasının zədələnməsi, həmçinin reflü şikayətlərinin artması mümkündür. Xüsusilə mədə-bağırsaq xəstəlikləri olanlar, şəkərli diabet və ya digər xroniki xəstəliklərə görə dərman qəbul edən şəxslər alma sirkəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər".
F. Səfərov vurğulayıb ki, arıqlamaq üçün ən effektiv və təhlükəsiz üsul sağlam həyat tərzidir:
"Çəki azaltmaq üçün enerji balansına əsaslanan sağlam həyat tərzi əsas şərtdir. Fərdi ehtiyaca uyğun balanslaşdırılmış qidalanma, porsiya nəzarəti, kifayət qədər zülal və lif qəbulu, şəkərli içkilərin və yüksək kalorili emal olunmuş qidaların məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunması bu sahədə elmi cəhətdən ən etibarlı yanaşmalardır.
Qısacası, alma sirkəsi sağlam qidalanma və aktiv həyat tərzini əvəz edən vasitə deyil. İstifadə olunacaqsa belə, onu arıqlamanın əsas üsulu kimi deyil, yalnız sağlam həyat tərzini tamamlayan və ehtiyatla yanaşılması lazım olan bir vasitə kimi qiymətləndirmək daha doğrudur”.
Nigar Xəlilli
14:00 08.07.2026
Oxunuş sayı: 54