Rusiya Çərkəz mədəniyyətini məhv edir
XIX əsrdə Rusiya imperiyasının Qafqazı işğal etməsi təkcə hərbi-siyasi sərhədləri dəyişdirmədi, həm də bölgənin etnik və mədəni xəritəsini kökündən dəyişdirdi. Bu siyasətin ən ağır nəticələrindən biri çərkəz xalqının tarixi vətənindən kütləvi şəkildə deportasiya olunması, yaşayış məntəqələrinin dağıdılması və əsrlər boyu formalaşmış zəngin mədəni irsinin sistemli şəkildə məhv edilməsi oldu. Tarixçilərin böyük hissəsi 1864-cü ildə başa çatan Qafqaz müharibəsindən sonra həyata keçirilən kütləvi qırğınlar və məcburi köçürmələrin çərkəz xalqının demoqrafik, mədəni və tarixi varlığına sarsıdıcı zərbə vurduğunu qeyd edir. Bu proses nəticəsində yüz minlərlə çərkəz həlak olmuş, milyonlarla insan doğma torpaqlarını tərk etməyə məcbur edilmiş, yaşayış məntəqələri boşaldılmış, maddi və mənəvi irsin böyük hissəsi isə yox edilmiş və ya zamanla silinmişdir. Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda da bu məsələ illər sonra qaldırılaraq müzakirə edilib. Litva Media Assosiasiyasının direktoru Gintaras Sonqayla qeyd edib ki, bu gün çərkəz mədəniyyəti mütəmadi təqiblərə məruz qalır və yox olmaq təhlükəsi ilə üz-üzədir: "Bildiyimə görə, Litva Respublikası yaxın gələcəkdə Rusiya imperiyasının çərkəz xalqına qarşı törətdiyi soyqırımını tanıyacaq. Bunun nəticəsində Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması məsələsini qaldıra biləcək. Rusiya imperializm siyasətindən imtina etməli və öz əməllərinə görə məsuliyyət daşımalıdır".
Mövzu ilə bağlı Crossmedia.az-a danışan fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, çərkəz mədəniyyətinə bir neçə istiqamətdən baxmaq lazımdır. Çərkəz mədəniyyəti bu və ya digər anlamda Qafqazdakı türk mədəniyyəti ilə də bağlıdır. Çünki Qafqaz tarix boyu əsasən türklərin yaşadığı coğrafiya olub, digər etnoslarla yanaşı adıgeylər və kabardinlər də türklərlə qaynayıb-qarışıblar. Çar Rusiyası Qafqazı işğal edənə qədər bu xalqlar Qıpçaq, Qızıl Orda, Cəlairlərin dövləti və digər dövlətlərin tərkibində birlikdə yaşayıblar. İşğaldan sonra isə bu gün çərkəz adlandırılan insanların böyük hissəsi Türkiyəyə köçmək məcburiyyətində qalıb. Türkiyədə onlar öz mədəniyyətlərini müəyyən qədər yaşatmağa çalışırlar. Ancaq Rusiya Federasiyasında qalan azsaylı çərkəzlərin öz milli mədəniyyətini qoruyub saxlaması olduqca çətindir. Ümumiyyətlə, Qafqazda yerli xalqların, istər türk, istərsə də qeyri-türk etnoslarının milli mədəniyyətində ciddi böhran yaşanır”.

F.Ələkbərli qeyd edib ki, uzun illər davam edən ruslaşdırma siyasəti onları öz milli köklərindən uzaq salıb: “Bu baxımdan çərkəz mədəniyyəti də ciddi təhlükə ilə üz-üzədir. Türkiyədə və müəyyən qədər Suriyada bu mədəniyyət yaşadılsa da, ən böyük təhlükə məhz Rusiya Federasiyasında müşahidə olunur. Rusiyada çərkəzlərin öz milli mədəniyyətlərini qoruyub yaşatmaları üçün daha çox şərait yaradılmalıdır. Eyni zamanda çərkəzlərin özləri də bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Onların qədim dövrlərdən gələn özünəməxsus mədəni dəyərləri var və bu irsi qoruyub gələcək nəsillərə ötürmək mümkündür”.
Zeynəb Həsən
12:30 08.07.2026
Oxunuş sayı: 49