Professor Mahirə Hüseynovanın əsərlərinin biblioqrafiyası çapdan çıxıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, şairə Mahirə Hüseynovanın həyat və fəaliyyətinin biblioqrafik göstəricisi çapdan çıxıb.
Crossmedia.az xəbər verir ki, Vəsait M. Hüseynovanın 65 illik yubileyinə həsr olunub və AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib.
Biblioqrafik göstəricidə alimin həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətlərinin əsas tarixləri, kitabları, dilçilik, ədəbiyyatşünaslıq və linqvopoetika sahələrində dərin və fundamental tədqiqatları daxil edilib. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə apardığı araşdırmalar nəticəsində Mahirə Hüseynova 26 elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait və proqramların, həmçinin 14 bədii kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu elmi jurnallarında, qəzet və digər mətbuat orqanlarında, o cümlədən xarici nəşrlərdə 400-ə yaxın elmi və publisistik məqaləsi dərc olunub.
Alim Mahirə Hüseynovanın elmi yaradıcılığında Ümummilli Lider Heydər Əliyev irsinə, görkəmli dilçi alimlərin elmi fəaliyyətinə və Azərbaycan natiqlik mədəniyyətinə dərin elmi maraq xüsusi yer tutur. Alim-pedaqoq həm də bədii yaradıcılıqla fəal məşğul olan tanınmış şairə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Elm” nəşriyyatında çapdan çıxan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin tərtibçisi Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, redaktoru isə şöbənin əməkdaşı, baş biblioqraf Rəna Cavadovadır.
Biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
12:05 07.07.2026
Oxunuş sayı: 46