SOCAR-a hücumdan sonra Azərbaycan Rusiyaya nota verdi - KRİTİK AÇIQLAMA
Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatları fonunda Azərbaycanla Rusiya arasında yeni diplomatik gərginlik yaranıb. Ukrayna ərazisində fəaliyyət göstərən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin pilotsuz uçuş aparatı ilə vurulmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə sərt reaksiya verib. Nazirlik Rusiyanın Azərbaycandakı səfirini XİN-ə çağıraraq etiraz notası təqdim edib və baş verən hadisə ilə bağlı narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, baş verən hadisə qəbuledilməzdir və Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərən növbəti addımdır.

Deputatın sözlərinə görə, bu, Rusiyanın Ukraynadakı Azərbaycan obyektlərinə qarşı baş verən ilk hadisə deyil:
“Bundan əvvəl də Ukraynadakı Azərbaycan obyektlərinə, səfirliyə qarşı hücumlar olub. Həmçinin Azərbaycana məxsus təyyarə ilə bağlı baş verən hadisə və həmin məsələyə indiyədək tam aydınlıq gətirilməməsi iki ölkə arasında münasibətlərdə ciddi narahatlıq yaradıb”.
Tahir Rzayev qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına üstünlük verib.
“Azərbaycan Prezidenti dəfələrlə Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verib. Lakin təəssüf ki, Azərbaycanın müstəqil siyasəti, xüsusilə də ərazi bütövlüyünü təmin etməsi və qazandığı uğurlar Rusiyada bəzən lazımi qiymətləndirilmir”.
Deputat vurğulayıb ki, Rusiyanın ölkəmizdəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim edilməsi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində atdığı tam qanuni addımdır.
Onun fikrincə, Rusiya da münasibətlərin daha da gərginləşməsində maraqlı olmamalıdır:
“Azərbaycan heç vaxt Rusiya dövlətinə və rus xalqına qarşı mənfi münasibət sərgiləməyib. Ölkəmizdə rus məktəbləri fəaliyyət göstərir, rusdilli əhaliyə və Rusiyadan gələn insanlara hər zaman hörmət göstərilir. Rusiya da bu münasibətdən nəticə çıxarmalı, ölkəmizə qarşı etimadı sarsıdan addımlardan çəkinməlidir. Dostluq və əməkdaşlığın qorunması hər iki dövlətin və xalqın maraqlarına uyğundur”.
Təhminə Abdurrəhimova
19:02 06.07.2026
Oxunuş sayı: 57