Dövlət Sərhəd Xidmətinin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
Hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, xidmət və məişət şəraitinin yaxşılaşdırılması, habelə sərhəd mühafizəsi sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində Dövlət Sərhəd Xidmətində həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır. Logistika Mərkəzində isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilini asanlaşdıracaq yeni infrastruktur, inzibati və xidməti binalar, anbar təsərrüfatı və digər təyinatlı obyektlər müasir standartlara uyğunlaşdırılıb.
Bildirilib ki, həyata keçirilən layihələr Dövlət Sərhəd Xidmətində hərbi qulluqçuların peşə hazırlığının yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və xidmətin müasir tələblərə uyğun təşkili baxımından mühüm sayılır.
Tədbirlərin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzlərdə yaradılmış şəraitlə tanış olmuş, görülən işlərə yerində baxış keçirilib.
15:53 06.07.2026
Oxunuş sayı: 48