Yayda bu qidalardan uzaq durmaq lazımdır Ekspert
Yay aylarında havaların kəskin şəkildə isindiyi dövrdə qida təhlükəsizliyi qaydalarına riayət edilməsi vətəndaşların sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Zəhərlənmə hallarına xüsusən yay aylarında rast gəlindiyi nəzərə alınarsa, insanlar qidalanmalarına yayda daha çox diqqət etməlidirlər. İsti hava şəraiti qidaların tərkibində zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına və kütləvi zəhərlənmə hallarına zəmin yaradır.
Mövsümlə əlaqədar istehlakçıların əməl etməli olduğu həssas məqamları, soyuducudan düzgün istifadə qaydalarını və qidaların saxlanma müddətlərini Crossmedia.az-a şərh edən qida eksperti Seymur Qafarov bildirib: "Yay fəslinin gəlməsi ilə əlaqədar olaraq qida təhlükəsizliyi nöqteyi-nəzərdən istehlakçıların əməl etməli olduğu həssas məqamlar var. Bunlardan ən vacibi yay aylarında ağır kalorili qidaların, xüsusən dəniz kənarında, çimərlik ərazilərində qəbul olunmasının tövsiyə edilməməsidir. Meyvə, tərəvəz, soyuq qəlyanaltılar və tərəvəzlərdən hazırlanmış salatlardan istifadə oluna bilər. Şəkərli, alkoqolsuz və eləcə də alkoqollu içkilərin dəniz kənarı ərazilərdə, yay aylarında məişətdə qidalanmada üstünlük verilməsi tövsiyə olunmur, çünki qida zəhərlənmələrinə gətirib çıxara bilər".

Ekspert qidaların hazırlanması və saxlanması zamanı yol verilən təhlükəli dərəcə aralıqlarına və ət məhsullarının düzgün emalına diqqət çəkib: "İstənilən şəkildə hazırlanmış isti qidalar müsbət 5 və 60 dərəcə Selsi temperatur aralığında olmadan qəbul olunmalıdır. Yəni isti hazırlanmış qidalar, fast foodlar, dönərlər istər evdə, istərsə də restoranda + 5-60 dərəcə Selsi temperatur aralığında qəbul olunmamalıdır. Bu göstərici beynəlxalq yanaşmada 'danger zone', yəni təhlükə zonası adlanır. Qida bu temperatur aralığına düşmədən qəbul olunmalıdır. Ət və ət məhsulları bişirilən zaman məişətdə 75 dərəcə Selsi temperaturda iki dəqiqəlik müddətdə bişməlidir ki, tərkibində mikrobların çürüməsi olmasın və zəhərlənmə faktoru yaratmasın.
Süd məhsullarından istifadəyə də diqqət yetirmək lazımdır. Çimərlik ərazilərinə həddindən artıq çox süd məhsulunun aparılmaması tövsiyə olunur. Pendir məhsuluna günəş şüası təsir etməmək şərtilə bir miqdar qəbul oluna bilər. Məhsullar donmuş şəkildə istifadəyə veriləcəksə, mütləq mənfi 18 dərəcə Selsidə olan məhsul soyuducunun müsbət 1-4 dərəcə Selsi olan hissəsinə yerləşdirilməlidir. Təbii şəkildə qansızlaşdırılıb buzu əridikdən sonra bişmə prosesinə gedilməlidir".
S. Qafarov yay mövsümünün əvəzolunmazı olan qarpızın və digər gündəlik qidaların soyuducuda saxlanma limitlərini də açıqlayıb: "Meyvə-tərəvəz məhsullarından qarpız kəsildikdən sonra maksimum 24-48 saat ərzində istehlak olunub bitməlidir. Digər ət məhsulları, hisə verilmiş kolbasalar, sosislər, pendir və digər qida məhsullarının saxlanma temperaturu sıfır və müsbət 4 dərəcə Selsi aralığında soyuducuda olmalıdır. Əgər ət uzun müddət saxlanılacaqsa, mənfi 18 dərəcə Selsi dondurucuda saxlanmalıdır. Məişətdə soyuducunun qapısı açılıb-bağlandıqca içəri isti hava kütləsi daxil olduğu üçün bu temperatur tam sabit qalmır. Ona görə də qapını çox açmamağa meyl göstərmək lazımdır. İsti qidalar hazırlandıqdan sonra isə maksimum iki saat ərzində istehlak olunub bitirilməlidir".
Fatimə Cabbarlı
20:00 04.07.2026
Oxunuş sayı: 50