Qırğızıstan Milli Kitabxanasının direktoru MEK-in qonağı olub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycanda səfərdə olan Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, MEK-dən bildirilib ki, görüş zamanı Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, elektron xidmətləri, müasir standartlara cavab verən elektron kitabxanası və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Direktor qeyd edib ki, MEK dünyanın müxtəlif ölkələrinin elmi-tədqiqat və kitabxana qurumları ilə səmərəli tərəfdaşlıq əlaqələri qurur, informasiya resurslarının mübadiləsini həyata keçirir və birgə layihələr reallaşdırır.
Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov Mərkəzi Elmi Kitabxananın müasir infrastrukturunu, zəngin kitab fondunu və rəqəmsallaşdırma istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi kitabxana ilə MEK arasında elmi-informasiya mübadiləsinin, birgə layihələrin və peşəkar təcrübə paylaşımının hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı hər iki kitabxananın oxucularının qarşılıqlı şəkildə informasiya resurslarından daha səmərəli istifadəsi məqsədilə yaxın gələcəkdə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Daha sonra Hüseyn Hüseynov qırğızıstanlı həmkarını kitabxananın şöbə və fondları ilə yaxından tanış edib. Qarabağ müharibəsi qəhrəmanları fondunda Birinci Qarabağ müharibəsinə, 44 günlük Vətən müharibəsinə və antiterror tədbirlərinə həsr olunmuş rəsmi sənədlər, kitablar, qəzet və jurnal materialları, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar və onların xatirəsinə həsr olunmuş nəşrlər barədə ətraflı məlumat verilib.
Qonağa “Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi” və “Birinci Türkoloji Qurultay -100” biblioqrafik göstəriciləri hədiyyə olunub.
19:56 03.07.2026
Oxunuş sayı: 53