Özəl bağçalara nəzarət artırılmalıdır
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli media orqanlarına müsahibəsində qeyd edib ki, özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib. Son zamanlar gündəmdə olan əsas məsələlərdən biri özəl bağçalardakı nöqsanlardır. Xüsusən qidalanma ilə bağlı həm dövlət qurumları ciddi nöqsanlar aşkar edir, həm də valideynlər sosial şəbəkə hesablarında özəl bağçaların qidalarındakı nöqsanları paylaşır. Belə ki, iddialara görə qidalar ya gizlədilərək uşaqlara verilmir, ya da köhnə qidalar verilir. Bəs bu özbaşınalıq necə bitəcək?
Mövzu ilə
bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a açıqlama verib:
“Özəl
bağçalarda ümumiyyətlə qidalanma ilə bağlı narazılıqların gündəmə gəlməsi artıq
bir neçə sistemli səbəblə bağlı ola bilər. Bu, təkcə
ayrı-ayrı müəssisələrin problemi deyil. Eyni zamanda, ümumi nəzarət və məsuliyyət
mexanizmlərinin zəifliyini də göstərir. Əsas səbəblərdən biri xərclərin
azaldılması cəhdidir. Bəzi özəl bağçalar daha çox gəlir əldə etmək üçün qida
keyfiyyətindən, menyu müxtəlifliyindən və sanitar standartlardan güzəştə gedirlər.
Nəticədə uşaqlar üçün zəruri olan keyfiyyətli və balanslaşdırılmış qidalanma təmin
olunmaya bilər. Qida məhsullarının bahalaşması fonunda da bu sahədə qənaət etməyə
çalışırlar. Digər səbəb isə nəzarətin zəifliyi və yoxlamaların formal xarakter
daşımasıdır. Əgər qida təhlükəsizliyi və uşaqların qidalanması mütəmadi, ciddi
və şəffaf şəkildə yoxlanılmırsa, bəzi müəssisələr müəyyən qaydalara əməl etməyə
bilərlər. Hazırda müəyyən qrant layihələri çərçivəsində bəzi özəl bağçalarda
adambaşına maliyyələşmə mexanizmi də tətbiq olunur. Adambaşına maliyyələşmə nə
deməkdir? Məsələn, dövlət bir uşaq üçün 250 manat vəsait ayırır. Tutaq ki,
valideyn uşağını aylıq ödənişi 500 və ya 600 manat olan özəl bağçaya yerləşdirir.
Bu zaman həmin məbləğin 250 manatını dövlət ödəyir, qalan hissəsini isə
valideyn qarşılayır. Bu mexanizm artıq ölkəmizdə tətbiq edilir".

Ekspert əlavə edib ki, valideynlərin məlumat əldə etmək imkanları da məhduddur: “Menyuların açıq paylaşılmaması, gündəlik qida keyfiyyətinin izlənilməməsi bu sahədə əlavə boşluqlar yaradır. Bu problemlərin aradan qaldırılması üçün bir sıra tədbirlər görülə bilər. Ən vacib addım sistemdə nəzarətin gücləndirilməsidir. Özəl bağçalarda qidalanma ilə bağlı müntəzəm və gözlənilməz yoxlamalar aparılmalı, nəticələri ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. İkinci mühüm məsələ şəffaflıqdır. Hər bir bağça həftəlik və ya aylıq menyunu valideynlərə açıq şəkildə təqdim etməli, imkan daxilində bunu onlayn platformalarda da paylaşmalıdır. Üçüncü addım qida təhlükəsizliyi standartlarının sərtləşdirilməsidir. Qida məhsullarının mənşəyi, saxlanma şəraiti və hazırlanma qaydalarına ciddi nəzarət edilməli, bu sahədə tələblər daha dəqiq tənzimlənməlidir. Nəhayət, valideynlərin iştirakı da artırılmalıdır. Valideyn şuraları və ya müşahidə qrupları yaradılaraq qidalanma prosesinə ictimai nəzarət imkanları genişləndirilə bilər. Ümumilikdə, məsələ təkcə cərimələrlə həll oluna bilməz. Bu problem şəffaflıq, güclü nəzarət və ictimai iştirak prinsiplərinin birlikdə tətbiqi ilə effektiv şəkildə həll edilə bilər”.
Ayhan
20:00 01.07.2026
Oxunuş sayı: 47