"Masdar": Abşeron–Qaradağ külək parkında tikinti işlərinə bu il ərzində başlanılacaq
Abşeron–Qaradağ bölgəsindəki külək parkının tikinti mərhələsinə bu il ərzində başlanılacaq.
Crossmedia.az xəbər verir ki, bunu "Masdar" şirkətinin Biləsuvar layihəsi üzrə meneceri Kamil Manafov "Ədalətli Keçid Dialoqu: Azərbaycanda Yaşıl İqtisadiyyata Ədalətli Keçidin Təmin Edilməsi" adlı tədbirdə bildirib.
O qeyd edib ki, şirkətin Biləsuvar və Neftçaladakı günəş layihələri isə hazırda inşa fazasındadır.
K.Manafov deyib ki, "Masdar" fəaliyyət göstərdiyi regionlarda yerli əhalinin, ətraf kənd və qəsəbə sakinlərinin məşğulluğuna prioritet istiqamət kimi baxır: "Bu məsələdə Dövlət Məşğulluq Agentliyi, peşə məktəbləri ilə yaxından əməkdaşlıq edirik. Hazırda Biləsuvar rayonunda 445 meqavat gücündə, regionun ən böyük günəş elektrik stansiyası tikilir. Layihə başlamamışdan öncə rayondakı peşə liseyi ilə əlaqə saxlayaraq bizə lazım olacaq ixtisasları öncədən bildirdik. Liseydə bu istiqamətdə qəbul aparıldı və 17 şagird təhsilə cəlb olundu. İl ərzində mütəxəssislərimiz onlara dərslər keçdi, təcrübə proqramları təşkil olundu. Keçən həftə imtahanları uğurla başa vuran həmin gənclərin hazırda işlə təminatı prosesi gedir".
Onun sözlərinə görə, Əbu-Dabi baş ofisi tərəfindən idarə olunan ilkin mərhələdən sonra başlayan tikinti fazası bölgədə işçi qüvvəsinə tələbatı pik həddə çatdırır: "Tikinti fazasının əsas üstünlüyü ondan ibarətdir ki, gördüyünüz bu qrafikdə işçi qüvvəsinin pik fazası olan vaxtıdır. Biz həmin vaxt Azərbaycan vətəndaşlarını işlə təmin edə bilirik. Bundan əvvəlki layihəmizdə iştirak edənlərin sayı 2 000-ə çatmışdı. Bu layihədə isə 1 500 nəfər iştirak edir. Yəni minlərlə adam işlə təmin olunur. Onlar müvəqqəti işlə təmin edilmir, həm də peşə sahibi olurlar".
13:13 01.07.2026
Oxunuş sayı: 49