Bakıda bu binalar söküləcək
Son illərdə Bakının mərkəzində aparılan sıx və nizamsız tikintilər paytaxtın infrastrukturunu iflic həddinə çatdırıb. Bu xaotik şəhərsalma həm nəqliyyat və kommunal sistemlərdə gərginlik yaradır, həm də ekologiyaya və insan psixologiyasına ciddi zərbə vurur.Yaşıllıq sahələrinin sürətlə azalması şəhərin təbii balansını pozaraq paytaxtı tamamilə beton kütləsinə çevirib. Nəticədə, hər addımda rast gəlinən kommersiya obyektləri və hündürmərtəbəli binalar sakinlərin sərbəst yaşayış və istirahət hüququnu əlindən alıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq-ekspert Elçin Bayramlı paytaxtın mövcud durumunu və çıxış yollarını belə təhlil edir:

"Son 30 ildə Bakının mərkəzində aparılan xaotik tikintilər paytaxtda çıxılmaz vəziyyət yaradıb. Həyətlərdə uşaqların oynamasına, avtomobil saxlanmasına yer qalmayıb, sıxlıq kommunal xidmətləri tükəndirir və insanların psixologiyasına ciddi zərbə vurur. Yeganə çıxış yolu kimi mərkəzi hissələrdə seyrəltmə işləri aparılmalı, həddindən artıq sıx binalardan bəziləri sökülərək yerində parklar salınmalıdır. Dünyada normal şəhərlərdə yaşıllıq 20-50 faiz təşkil etdiyi halda, Bakıda bu göstərici cəmi 4 faiz civarındadır. Tikililər yollardan çox yer tutur, bu isə əlavə tıxac, ekoloji çirklənmə və xroniki yorğunluq yaradır".
Paytaxtın gələcək xilası üçün kompleks planlamanın vacibliyini vurğulayan ekspert, Bakının 2040-cı ilə qədər olan Baş Planının əhəmiyyətinə və bu istiqamətdə atılan qlobal addımlara diqqət çəkir:
"Şəhərsalma ilə bağlı qəbul edilən yeni standartlara əsasən, tikili ərazinin üçdə birindən çoxunu tutmamalı, qalan sahələr isə yaşıllıq üçün saxlanmalıdır. Bakının 2040-cı ilə qədər olan Baş Planında şəhərin yenidən sistemləşdirilməsi, nəqliyyat şəbəkəsinin və yaşıllıq sahələrinin artırılması, yeni yaşayış massivlərinin seyrək formada salınması nəzərdə tutulub. Məsələyə Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi beynəlxalq platformalarda da toxunulub və Azərbaycanın bəzi yeni təşəbbüsləri müsbət qarşılanıb. Hazırda biz bu ideal şəhərsalma normalarını, yaşıl enerji ssenarilərini və geniş magistralları Qarabağda yenidən qurduğumuz şəhərlərdə tam tətbiq edə bilirik. Bakıda isə mərkəzin həddindən artıq yüklənməsi səbəbindən bu dəyişikliklər yaxın bir neçə ildə dərhal mümkün olmasa da, Baş Planın icrası ilə vəziyyəti mərhələli şəkildə düzəltmək mümkündür".
E. Bayramlı son olaraq qeyd edir ki, paytaxt mərkəzindəki gərginliyi azaltmağın yeganə yolu əhalinin və infrastrukturun şəhər ətrafına doğru düzgün istiqamətləndirilməsidir:
"Mərkəzi hissələrin de-seyrəldilməsi üçün şəhər kənarına doğru inkişaf stimullaşdırılmalıdır. İnsanların şəhər ətrafına rahat köçməsi üçün nəqliyyat və metro infrastrukturu düzgün qurulmalı, elektrik qatarlarının sayı və istiqamətləri artırılmalıdır. Hər bir layihə ərazinin yük götürmə qabiliyyətinə, orada nə qədər əhalinin məskunlaşa biləcəyinə və kommunal xidmətlərin gücünə görə əvvəlcədən dəqiq hesablanmalıdır. Yalnız bu cür kompleks yanaşma sayəsində Bakını mövcud xaosdan xilas etmək və iqtisadi-ekoloji zərərlərin qarşısını almaq olar".
Fatimə Cabbarlı
15:00 01.07.2026
Oxunuş sayı: 57