Samir Şərifov: Azərbaycan Belarusla münasibətləri bundan sonra da inkişaf etdirmək əzmindədir
Azərbaycan Belarusla bütün sahələrdə münasibətləri bundan sonra da dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda inkişaf etdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunmuş qəbulda bildirib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf edir, ticari-iqtisadi əməkdaşlıq isə ikitərəfli əlaqələrin əsas dayaqlarından biri olaraq qalır.
"Qarşılıqlı ticarətin genişləndirilməsinə, investisiyaların artırılmasına və sənaye kooperasiyasının inkişafına xüsusi diqqət yetirilir. İki ölkənin iqtisadi potensialı və bir-birini tamamlayan imkanları əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əsas yaradır", - S. Şərifov qeyd edib.
Baş nazirin müavini həmçinin vurğulayıb ki, Azərbaycan və Belarus arasında humanitar və mədəni əlaqələr möhkəmlənməkdə davam edərək iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verir.
"Azərbaycan Belarusla bütün sahələrdə münasibətləri bundan sonra da dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda inkişaf etdirmək əzmindədir", - o deyib.
S. Şərifov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Belarusu zamanın sınağından çıxmış iki etibarlı dost adlandırıb.
Sonda Baş nazirin müavini Azərbaycan hökuməti adından Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəyə sülh, rifah və tərəqqi arzulayıb.
20:30 30.06.2026
Oxunuş sayı: 45