"Xəzərin Sahilində" intellekt festivalı uğurla yekunlaşdı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Odlar Yurdu Universitetinin birgə tərəfdaşlığı ilə WUF13 həftəsi çərçivəsində paytaxtın dənizkənarı bulvar ərazisində açıq səma altında və “Xəzərin Sahilində” adlı genişmiqyaslı intellekt festivalı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, təşkilatçılar tərəfindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan festival ölkənin intellektual həyatına mühüm töhfə kimi yadda qalıb. Komandalar simvolik olaraq Azərbaycanın 12 şəhərlərinin adlarını daşıyaraq yarışa xüsusi rəng qatıb və iştirakçılar arasında həm bilik, həm də təqdimat baxımından maraqlı rəqabət mühiti formalaşıb. Layhənin ikinci mərhələsində isə gənclər fərdi şəkildə mübarizə aparıb. Müxtəlif suallarla qalibiyyət uğunda gərgin mübarizənin şahidi olduq. Qaliblər təşkilatçılar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırıldılar
Layihənin əsas məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, iştirakçıları şəhərsalma və memarlıq sahəsində ölkəmizdə və dünyada həyata keçirilən yeniliklər barədə maarifləndirmək, eyni zamanda dövlətin intellektual inkişaf siyasətinə dəstək verməkdən ibarət olub. Festival çərçivəsində iştirakçılar yalnız biliklərini nümayiş etdirməklə kifayətlənməyib, həm də komanda işi, analitik düşünmə və operativ qərarvermə bacarıqlarını ortaya qoyublar.
Beş mərhələdən ibarət olan yarış proqramı müxtəlif formatlı sualları əhatə edib. İştirakçılar şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi, həmçinin dünya təcrübəsi ilə bağlı çətin və düşündürücü suallara cavab axtarıblar. Açıq hava şəraitində keçirilən yarış həm iştirakçılar, həm də izləyicilər üçün xüsusi maraq doğurub və festival musiqi proqramı ilə davam edib.
Qeyd edək ki, cari il ölkəmizdə anadilli intellekt hərəkatının 25 illik yubileyi qeyd olunur. Bu münasibətlə həyata keçirilən bütün layihələr kimi, “Xəzərin Sahilində” intellekt festivalı da yubiley ilinə həsr olunaraq gənclər arasında milli dəyərlərin, ana dilində düşünmə və intellektual inkişafın təşviqinə xidmət edir.
Təşkilat sədri, Azad Manaflının sözlərinə görə bu tip intellekt layihələri bir daha göstərdi ki, Azərbaycanda intellektual hərəkat sürətlə inkişaf edir və gənclərin bu sahəyə marağı ildən-ilə artmaqdadır. Belə təşəbbüslər ölkənin gələcək intellektual potensialının formalaşmasına mühüm töhfə verməklə yanaşı, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradır.
Qalibləri bir daha təbrik edirik və fəaliyyətlərində uğurlar arzulayırıq.
18:00 30.06.2026
Oxunuş sayı: 51