Yeni yayılan həşəratın insana mənfi təsirləri var - özünüzü qoruyun
Yay mövsümündə yaşıllıqlara və meyvə bağlarına ən böyük təhlükələrdən biri hesab olunan Amerika ağ kəpənəyi son dövrlərdə Azərbaycanda daha geniş ərazilərdə müşahidə edilir. Sürətlə çoxalaraq ağacların yarpaqlarını məhv edən bu invaziv zərərverici qısa müddətdə yaşıllıqlara ciddi ziyan vurur, hətta bəzi hallarda ağacların tamamilə qurumasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, zərərvericinin yayılmasının qarşısını almaq üçün vaxtında profilaktik tədbirlərin görülməsi, eləcə də mexaniki, bioloji və kimyəvi mübarizə üsullarının kompleks şəkildə tətbiqi vacibdir. Bəs Amerika ağ kəpənəyi niyə bu qədər təhlükəlidir və onunla necə mübarizə aparmaq olar?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlama verib:
“Amerika ağ kəpənəyi hazırda regionlarda kifayət qədər geniş yayılıb və yaşıllıqlara ciddi zərər vuran təhlükəli zərərvericilərdən biridir. Onun tırtılları ağacların üzərində tor şəklində yuvalar quraraq yarpaqlarla qidalanır, nəticədə ağacların zəifləməsinə, hətta qurumasına səbəb olur. Son dövrlərdə bu zərərvericinin yayılması daha da sürətlənib və qısa müddət ərzində ağaca yayıldıqda onu tamamilə məhv edə bilir. Bu, çox sürətlə yayılan invaziv zərərvericidir. Amerika ağ kəpənəyinin tırtılları əsasən müxtəlif ağac növləri, xüsusilə meyvə ağacları və digər enliyarpaqlı ağaclarla qidalanır. Sürfələr inkişafın ilk mərhələsində yarpaqları hörümçək toruna bənzər torlarla bir-birinə birləşdirərək həmin yuvaların daxilində qidalanırlar. Ağaclara diqqətlə baxdıqda budaqların üzərində hörümçək toruna oxşar ağ torlar görünür. Tırtıllar həmin torların ətrafında bütün budaqları və yarpaqları bürüyərək ağacın qurumasına səbəb ola bilirlər”.

Ekoloq əlavə edib ki, bu zərərvericiyə qarşı mübarizə bir neçə üsulla aparıla bilər: “İlk növbədə mexaniki mübarizə üsulundan istifadə etmək mümkündür. Bunun üçün zərərvericinin yayıldığı budaqlar kəsilərək məhv edilməlidir. Bundan başqa, bioloji mübarizə üsullarından da istifadə etmək olar. Zərərvericiyə qarşı ekoloji cəhətdən təhlükəsiz bioloji preparatların tətbiqi effektiv nəticə verir. Zərurət yarandıqda kimyəvi mübarizə üsullarından da istifadə edilə bilər. Lakin kimyəvi preparatlar zəhərli olduğuna görə onların tətbiqi zamanı ciddi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Dərmanlama aparılarkən ətrafda insanların olmamasına diqqət yetirilməli, preparatı tətbiq edən şəxslər isə xüsusi qoruyucu geyim və vasitələrdən istifadə etməlidirlər. Hazırda Amerika ağ kəpənəyinin aktiv inkişaf dövrüdür. Buna görə də vaxtında profilaktik tədbirlərin görülməsi onun sayını əhəmiyyətli dərəcədə azaltmağa, hətta yayılmasının qarşısını almağa imkan verə bilər. Bu istiqamətdə dövlət qurumlarının dəstəyinə də ciddi ehtiyac var. Parklarda, yaşıllıq zolaqlarında və digər ərazilərdə mütəmadi monitorinqlər aparılmalı, zərərvericiyə qarşı mexaniki, bioloji və zəruri hallarda kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir”.
Ayhan
13:00 01.07.2026
Oxunuş sayı: 54