Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar siyasətinin təzahürüdür
Ukraynaya itkin düşmüş şəxslərin axtarışı istiqamətində metodiki dəstəyin göstərilməsi Azərbaycanın humanitar həmrəyliyə, beynəlxalq əməkdaşlığa və insan həyatına verilən yüksək dəyərə əsaslanan siyasətinin növbəti təzahürüdür.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Facebook səhifəsində paylaşımında deyilir.
"Sevindirici haldır ki, Azərbaycanın bu sahədə formalaşdırdığı yüksək peşəkarlıq və müasir genetik identifikasiya imkanları artıq beynəlxalq səviyyədə də etimad qazanır", - Ombudsman vurğulayıb.
O qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər bir ailənin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin müdafiəsinin və humanitar dəyərlərə sadiqliyin ən ali ifadələrindən biridir:
"Münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı illərdir ki davam edir. Onların hər biri doğmalarının aqibətini öyrənmək, əzizlərini layiqincə dəfn etmək və uzun sürən qeyri-müəyyənliyə son qoymaq hüququna malikdir. Bu hüququn təmin olunması beynəlxalq humanitar hüququn əsas prinsiplərindəndir".
15:22 30.06.2026
Oxunuş sayı: 60