Qadınlar daha dözümsüz olduğuna görə bu ən çox onların başına gəlir - Həkim
Yay mövsümünün başlaması ilə havaların həddindən artıq isti keçməsi bir sıra sağlamlıq problemlərini gündəmə gətirir. Xüsusilə açıq havada uzun müddət qalmaq, yüksək temperatur və maye itkisi fonunda təzyiqin enməsi bəzi insanlarda, xüsusilə də qadınlarda, vəziyyətin pisləşməsi, başgicəllənmə və huş itirmə halları ilə nəticələnə bilir. Belə hallarda ilk yardım tədbirlərinin düzgün aparılması və vaxtında tibbi müdaxilə sağlamlıq üçün vacib hesab olunur. Mütəxəssislər bildirirlər ki, risk qrupunda olan şəxslər daha diqqətli olmalıdır.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bu barədə Crossmedia.az-a açıqlama verib:

"Bu hal əsasən ürək-damar patologiyalarında, təzyiqin aşağı düşməsi zamanı, tənəffüs yolları və tənəffüs mərkəzinin zəifliyi olduqda daha çox müşahidə olunur. O cümlədən digər xəstəliklər zamanı bədənin zəifləməsi, gərgin və stressli həyat tərzi də bu vəziyyətə səbəb olur. İmmunitet sisteminin zəifləməsinə gətirib çıxaran keyfiyyətsiz qidalanma da bu halların yaranmasında rol oynayır. Elə insanlar var ki, çoxlu insan olan mühitdə panika və qorxu hissi yaşayırlar. Bu hallar da nəticə olaraq huş itirmə ilə nəticələnə bilər. Biz əsasən ürəkgetmə və hipotoniyanın (təzyiqin aşağı düşməsi) daha çox müşahidə olunduğunu görürük".
Həkim bu vəziyyətin qadınlarda daha çox olmasının səbəbini də izah edib:
“Belə halların qadınlarda daha çox müşahidə olunması onların daha həssas olması ilə bağlıdır”.
17:00 30.06.2026
Oxunuş sayı: 48