Dənizdə boğulmamaq üçün 5 qızıl qayda… - Ekspert
Yay mövsümü yeni açılsa da, çimərliklərdən gələn boğulma xəbərləri artmağa başlayıb. Aidiyyəti qurumların xəbərdarlıqlarına rəğmən, hər il bənzər acı statistika ilə qarşılaşırıq. Çox vaxt vətəndaşlar təhlükəni özlərindən uzaq görür və bəsit qaydalara etinasız yanaşırlar. Lakin kiçik bir məsuliyyətsizlik saniyələr içində geri dönüşü olmayan faciələrə yol açır. Bəs istirahətin faciəyə çevrilməməsi üçün harada səhvə yol verilir?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev vətəndaşların diqqətsiz qaldığı məqamları açıqlayıb.
Çimərlik istirahətinin mütləq planlı şəkildə təşkil edilməli olduğunu vurğulayan ekspert, Xəzər sahillərinin hər yerinin çimmək üçün uyğun olmadığını qeyd edib: "İnsanlar ilk növbədə bilməlidirlər ki, su tutarı, su anbarı, hovuz, çay, göl və kanallar fərqli relyefə malikdir. Xəzərin 885 kilometrlik sahil xəttinin hər yeri çimmək üçün nəzərdə tutulmayıb. Təhlükəsiz yerlər aidiyyəti qurumlar tərəfindən ciddi baxış keçirildikdən sonra müəyyənləşdirilir. Orada suyun dibinin akvatoriyası, sualtı axınlar, dibin relyefi öyrənilir, fiziki-kimyəvi və bakterioloji nümunələr götürülür. Yalnız insanların sağlamlığı üçün təhlükə yoxdursa, həmin ərazidə çimərliyin təşkilinə icazə verilir. İcazə verilməyən yerlərdə isə bu göstəricilər məqbul deyil və orada suya girmək birbaşa həyata təhlükədir".

E.Nurəliyev çimərliklərdə bədbəxt hadisələrin qarşısını alan və hər bir vətəndaşın mütləq əməl etməli olduğu "5 qızıl qaydanı" belə sıralayıb: "Bu qaydalar çox sadə, amma həyatidir: əlverişsiz hava şəraitində çimərliyə getməmək, üzmə sərhədlərini (buyları) keçməmək, spirtli içkinin təsiri altında suya girməmək, uşaqları nəzarətsiz buraxmamaq və xilasetmə xidməti olmayan yerlərdən uzaq durmaq. Hava şəraitinə gəldikdə, əgər küləyin sürəti saniyədə 10 metri keçirsə, birmənalı olaraq suya girmək olmaz. Təəssüf ki, bəziləri çimərliyi yarış meydançasına çevirir, kimin daha uzağa üzəcəyi ilə bağlı bəhsə girir, daşların, qayaların, dəmir konstruksiyaların üzərinə çıxıb suya baş vururlar. Bunlar tamamilə yolverilməzdir. Spirtli içki isə boğulma riskini dəfələrlə artıran ən təhlükəli amildir."
Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarət etdiyini rəsmi çimərliklərdəki rəsmi statistikaya toxunan ekspert, uşaq təhlükəsizliyi ilə bağlı da valideynlərə ciddi xəbərdarlıq edib: "FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin statistikasına nəzər salsaq görərik ki, onların nəzarət etdiyi çimərliklərdə indiyə qədər bir nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu, bir daha sübut edir ki, xilasetmə xidməti olan çimərliklər tam təhlükəsizdir və insanlar yalnız bu məkanlara üstünlük verməliyirlər. Digər ən ağrılı məqam isə uşaqların nəzarətsiz buraxılmasıdır. Bütün dünyada bununla ciddi mübarizə aparılır. Bəzən valideynlərin başı yeyib-içməyə, əyləncəyə qarışır, uşaq tamamilə yaddan çıxır. Hadisə baş verəndən sonra isə artıq gec olur. Odur ki, sularda istirahət zamanı uşaqlar bir saniyə belə diqqətdən kənarda qalmamalıdır".
Fatimə Cabbarlı
10:00 30.06.2026
Oxunuş sayı: 48