Əsrin Türkoloji Qurultayı - Azərbaycan Türk Ocağı yeni layihəyə başlayır
Azərbaycan Türk Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Birinci Bakı Türkoloji Qurultayı arxiv sənədlərində" adlı layihənin icrasına başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib.
Üç ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi barədə danışan A.Aşırlı bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayı ilə bağlı Türkiyə və Azərbaycan arxivlərindəki sənədlər, mətbuat materialları və memuarların araşdırılması, elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına çatdırılması, həmçinin qurultayın latın qrafikalı əlifbaya keçid prosesi, qarşıya cıxan maneələr, Azərbaycanın türk dünyasının elmi və mədəni tarixində tutduğu mühüm yerin təbliğidir.
Layihə çərçivəsində arxiv və materiallarının toplanması, qəzet materiallarının, memuarların təhlili, maarifləndirici məlumatların hazırlanıb çap və internet mediada yayılması, həmin dövür Türkiyə, Rusiya və Azərbaycan aydınlarının mövqelərində oxşalıqların müəyyən olunması, eləcə də mövzu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına xidmət edən müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Türk Dünyasının ortaq dəyərlərinin təbliğini həyata keçirən, 1918-ci ildən bu missiyanı uğurla daşıyan Azərbaycan Türk Ocağı İctimai Birliyi hesab edir ki, bu layihə Azərbaycanın dövlətçilik irsin qorunması, Vahid Türk platformasının yaranmasında Bakının mövqeyi və rolunun təbliği istiqamətində mühüm töhfə verəcək.
20:55 29.06.2026
Oxunuş sayı: 46