Bakıya ingilis qazonu yox, yovşan lazımdır - Ekoloq
Son illərdə paytaxtın və bölgələrin parklarında, eləcə də yol kənarlarında aparılan yaşıllaşdırma işlərində həmişəyaşıl şam ağaclarına və xaricdən gətirilən bitkilərə xüsusi üstünlük verilir. Lakin bu tendensiya cəmiyyətdə və ekoloqlar arasında ciddi bir sualı gündəmə gətirib: Niyə indi əvvəllər olduğu kimi yerli meyvə və endemik ağaclar əkilmir? Köhnə şəhər sakinlərinin nostalji ilə xatırladığı, insanların gəzə-gəzə meyvə dərdiyi o ab-hava niyə monoton şam meşələri və süni qazonlarla əvəzləndi?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan ekoloq Qorxmaz İbrahimli şəhər ekosistemindəki bu köklü dəyişikliyin həm iqlim, həm aqrotexniki, həm də elmi tərəflərini işıqlandırıb. Şəhərsalmada yaşıllaşdırma siyasətinin xaotik xarakter almasını tənqid edən ekoloq, bitki seçiminə mütləq elmi prizmadan yanaşılmalı olduğunu vurğulayıb: "Kim nə istəyir, hansı ağacı xoşlayırsa, lazım olan-olmayan bitkiləri gətirib əkirlər. Bir neçə il sonra isə başqa bir tendensiya başlayır və hamı ona qaçır. Bu, normal hal deyil və heç də təqdir olunası bir yanaşma hesab edilə bilməz. Bakı yarımsəhra zonasında yerləşdiyi üçün burada ən böyük problem su ehtiyacıdır. Hökumət böyük xərclərlə, borularla su gətirib bu bitkiləri suvarır. Məsələn, mən hesab edirəm ki, xaricdən ingilis qazonlarını gətirib bura əkməyin heç bir anlamı yoxdur. Onların yerinə bizim iqlimə uyğun çayır və yovşan əkmək olar".

Bakının özünəməxsus iqlim koduna diqqət çəkən Q.İbrahimli, paytaxt üçün strateji əhəmiyyət kəsb edən, susuzluğa davamlı endemik bitkilərin və meyvələrin faydalarından söz açıb: "Bizim üçün xüsusilə vacib olan endemik bitkilər var ki, bunlar yerli iqlimə və susuzluğa tam dözümlüdür. Məsələn, alça, iydə, badam və zeytun Bakı üçün əvəzolunmazdır. İydə həm qoxusu, həm özü ilə faydalıdır, zeytun isə təpədən-dırnağa xeyirdir. Şam ağacı da pis deyil, onun da ürək-damar sisteminə müsbət təsirləri var. Amma burada şəhər kulturası baxımından yanaşma düzgün qurulmalıdır. Məsələn, əncir ağacını şəhərin ortasında, yol kənarında əkmək vacib deyil, amma parkların daxilində mütləq olar. Son dövrlər yayğınlaşan muşmula (əzgil) da qan-damar sisteminə çox xeyirlidir. Dünyanın harasına gedirsinizsə gedin, yolların kənarlarında iqlim şəraitinə uyğun olaraq mandarin, portağal və müxtəlif meyvə ağacları yetişir, insanlar da onu dərib rahatca yeyirlər, heç bir problem də yaranmır. Bizdə də yerli şəraitə və iqlimə uyğun meyvələrin əkilməsi daha məqsədəuyğundur".
Fatimə Cabbarlı
16:30 29.06.2026
Oxunuş sayı: 55