Uşağınızda bu halları müşahidə edirsinizsə mütləq psixoloqa müraciət edin
Son illər valideynlər övladlarını erkən yaşlardan psixoloqa aparmağa daha çox üstünlük verirlər. Bu demək olar son illərin dəbinə çevrilib. Valideynlər övladlarının ətraf aləmdən daha çox mənfi təsirləndiyini əsas gətirərək psixoloqlara tez-tez müraciət etməyə başlayıb. Bu zaman keçdikcə sağlam uşaqların da mənasız yerə psixoloqa aparılmasına gətirib çıxarır. Maraqlıdır bu gün uşaqları tez-tez psixoloqa aparmaq nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan psixoloq Sibel Piriyeva bildirib ki, uşaqlarda yaranan problemlərin vaxtında aşkar olunması sonrakı dövrdə daha ciddi çətinliklərin qarşısını alır.

Onun sözlərinə görə, erkən müdaxilə həm müalicə prosesini asanlaşdırır, həm də nəticənin daha effektiv olmasına şərait yaradır: "Son illərdə valideynlərin uşaqları erkən yaşlarda psixoloqa aparması əslində çox yaxşı haldır. Bunun getdikcə artmasının əsas səbəbi maarifləndirmədir. Biz mütəxəssislər həmişə vurğulayırıq ki, uşağınızda hər hansı problem hiss etdiyiniz zaman mütləq psixoloqa müraciət edin. Çünki erkən müdaxilə problemi daha qısa zamanda və daha rahat həll etməyə imkan verir. Problem illərlə davam etdikdə isə başqa problemlər də yaranır və bu, vəziyyəti çətinləşdirir. Həmçinin müalicənin effekti də azalır. Erkən müdaxilə ilə daha tez nəticə əldə olunur."
Psixoloq qeyd edib ki, valideynlər bəzi davranışlara xüsusi diqqət yetirməlidirlər: "Əgər övladınız yaşıdlarından seçilirsə, evdə fərqli, çöldə fərqli davranırsa, digər uşaqlarla oynamırsa, adına reaksiya vermirsə, göz kontaktı qurmursa, verilən sadə tapşırıqları yerinə yetirmirsə, ətrafına qarşı duyarsızdırsa, yemək seçmə problemi varsa və ya oxuma-yazmada çətinlik çəkirsə, bu hallarda mütləq psixoloji dəstək almaq lazımdır. Xüsusilə oxuma və yazma problemləri zamanı yalnız pedaqoqa müraciət etmək doğru yanaşma deyil. Adətən müşahidə olunur ki, uşaq üzündən oxuya bilmədikdə və ya hərfləri yaza bilmədikdə valideynlər onu birbaşa müəllim və ya pedaqoqun yanına aparırlar. Bu, düzgün deyil. Disleksiya üzrə ixtisaslaşmamış pedaqoq uşağın problemini tam anlaya bilməz. Ona görə də ilk növbədə psixoloqa müraciət olunmalıdır. Psixoloq vəziyyəti qiymətləndirəcək və valideyni düzgün istiqamətləndirəcək".
Zeynəb Həsən
15:50 29.06.2026
Oxunuş sayı: 54