Asfalt yolun görünən hissəsidir, əsas problem onun altındadır - Ekspert
Müasir urbanizasiya prosesində şəhər nəqliyyat infrastrukturunun dayanıqlığı mühəndis-kommunikasiya sistemlərinin inteqrasiyalı idarə edilməsindən birbaşa asılıdır. Son günlərdə şəhər yollarında qeydə alınan qəfil çökmələr keyfiyyətsiz asfalt örtüyü müzakirələrini ötərək, daha dərində dayanan mühəndis-kommunikasiya sistemləri problemini gündəmə gətirib. Son aylarda Binəqədi və Sumqayıtın bir neçə mərkəzi küçələsində baş verən son qəzalar da təsdiqləyir ki, yol təhlükəsizliyi təkcə üst qatdan yox, yeraltı kanalizasiya, su və rabitə xətlərinin vəziyyətindən birbaşa asılıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, şəhər yollarında baş verən çökmələrə yalnız “asfalt dağıldı” kimi baxmaq doğru deyil, çünki asfalt yolun sadəcə görünən hissəsidir, əsas problem isə çox vaxt onun altında — drenaj xətlərində və yol əsasının daşıyıcılıq qabiliyyətində baş verir.

Müasir şəhər təsərrüfatında koordinasiyanın zəif olmasını tənqid edən ekspert yolların qəfil çökməsinin əsas texniki və idarəetmə səbəblərini diqqətə çatdırıb: "Yeraltı su və kanalizasiya xətlərində sızma yarananda torpaq tədricən yuyulur, asfaltın altında boşluq əmələ gəlir və nəqliyyatın yükü, yağış suları və ya yaranan vibrasiya qarşısında yol birdən-birə çökür. Paytaxtda və ətraf şəhərlərdə qeydə alınan son infrastruktur qəzaları, rabitə və kanalizasiya xətlərindəki sızıntılar da məhz bu yeraltı boşluqların nəticəsidir. Digər ciddi səbəb kommunikasiya xətləri təmir edildikdən sonra torpaq qatının qat-qat sıxılmaması, uyğun materialdan istifadə olunmaması və qazıntı sahəsinin laborator yoxlama aparılmadan keyfiyyətsiz bərpa olunmasıdır. Bir küçədə yol, su, rabitə, qaz və elektrik xidmətləri vahid rəqəmsal xəritə və ümumi texniki nəzarət olmadan pərakəndə şəkildə fəaliyyət göstərirsə, yeraltı infrastrukturun real vəziyyətini izləmək qeyri-mümkün olur".
Gələcəkdə belə qəzaların qarşısını almaq üçün operativ reaksiyadan profilaktik idarəetməyə keçməyin vacibliyini vurğulayan M.Ərturan çıxış yollarını və qurumların məsuliyyət bölgüsünü belə xülasə edib: "İlk növbədə yeraltı kommunikasiya xətlərinin tam rəqəmsal xəritəsi hazırlanmalı, xüsusilə lüklərin ətrafı və ağır nəqliyyatın hərəkət etdiyi riskli sahələrdə georadar və videoinspeksiya vasitəsilə mütəmadi texniki audit aparılmalıdır. Yol qazılıb bağlanarkən təkcə asfalt vurmaqla kifayətlənməməli, alt qatların sıxlığı laborator yoxlanılmalı, yolda xırda çat, oturma və ya dalğalanma görünən kimi ərazi dərhal nəzarətə götürülməlidir. Sürücü və vətəndaş üçün təhlükənin hansı quruma aid olmasının fərqi yoxdur, ona görə də yeraltı xətlərə görə operativ məsuliyyət bölgüsü dəqiq müəyyən edilməlidir. Müasir şəhərdə əsas prinsip belə olmalıdır: Problem yolda çuxur yaranandan sonra yox, asfaltın altında boşluq əmələ gəlməyə başlayanda aşkarlanmalıdır".
Fatimə Cabbarlı
15:20 29.06.2026
Oxunuş sayı: 56