Kambocada qısa müddətdə "ASAN xidmət" təcrübəsi tətbiq olunacaq
Kamboca qısa müddətdə "ASAN xidmət" təcrübəsindən yararlanacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Kambocanın poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində sözügedən məsələ müzakirə olunub.
Sonra qonaqlar "ASAN xidmət" mərkəzində olublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli, vətəndaş məmnuniyyətinə əsaslanan xidmət yanaşması və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib.
Kambocalı nazir "ASAN xidmət" təcrübəsini yüksək qiymətləndirdiyini, bu uğurlu modelin ölkəsində qısa müddətdə tətbiq etmək niyyətini ifadə edib və bu istiqamətdə zəruri addımların atılacağını bildirib.
Səfər proqramı ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən dövlət xidmətlərinin dizaynı, "ASAN xidmət"də tətbiq olunan data əsaslı qərar qəbuletmə mexanizmləri və digər istiqamətlər üzrə geniş təqdimatlar edilib.
Həmçinin qonaqlar Bakı şəhərində fəaliyyət göstərən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı"nın, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə yaxından tanış olublar.
12:50 29.06.2026
Oxunuş sayı: 58