Yeni növ avtomobillər nə vəd edir?
Qlobal avtomobil sənayesində baş verən "yaşıl transformasiya" Azərbaycan bazarından da yan keçməyib. Son illər ölkə küçələrində hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin vizual üstünlüyü sadəcə ekoloji trend deyil, həm də ciddi iqtisadi və qanunverici proseslərin birbaşa nəticəsidir. İstehlakçı davranışı ilə dövlətin rüsum-vergi siyasətinin kəsişdiyi bu dinamik bazarda, xüsusilə keçən ilin sonunda baş verən kəskin sıçrayış və ardınca gələn durğunluq Azərbaycanın avtomobil sektorunun yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Bəs reallıqda rəqəmlərin arxasında hansı səbəblər dayanırdı və bu keçid sürücülərə nə vəd edir?

REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında mövzunun iqtisadi tərəflərinə aydınlıq gətirib: "Əslində, keçən il hibrid avtomobillərinin idxalının kəskin artmasının bir neçə səbəbi var idi. Amma ən əsas məsələ ondan ibarət idi ki, bu artım əsasən ilin sonunda kəskin şəkildə baş verdi.
Niyə? Çünki artıq oktyabr ayında məlum idi ki, Azərbaycan istehsal tarixi son 3 il olan hibrid avtomobillərinə tətbiq edilən güzəştləri ləğv edir. Bu, kifayət qədər ciddi bir güzəşt idi və qiymətdə ən azı 20 faizə yaxın fərq yaradırdı. Ona görə də keçən ilin oktyabr ayından başlayaraq hibrid avtomobillərin idxal həcmi çox kəskin şəkildə artdı; oktyabr, noyabr və dekabr aylarında bu göstərici fantastik dərəcədə çoxaldı.
Məntiqlə bu, yanvarın birindən qüvvəyə minəcək qanunvericiliklə bağlı idi. Həm iş adamları, həm də adi insanlar güzəştlərdən yararlanmaq, daha az rüsum və vergi ödəmək üçün tez-tələsik sifariş verib avtomobilləri ölkəyə gətirdilər. Yəni bunun əsas səbəbi budur.
Məsələn, bu ilə baxdıqda görürük ki, ilin əvvəlindən idxalda kəskin enmə var. Artıq altıncı aydır, ilin yarısına çatmışıq, amma idxalda kəskin azalmalar müşahidə olunur. Bu da məhz keçən ilki güzəştlərin ləğv edilməsinin birbaşa nəticəsidir".
Nəqliyyat eksperti Adil Nəbiyev də məsələyə münasibət bildirib: "Hibrid və elektrik avtomobillərinin Azərbaycanda son illər sürətlə yayılması təsadüfi deyil. Bunun əsas səbəbi həm yanacaq xərclərinə qənaət, həm də dövlətin tətbiq etdiyi müəyyən təşviq mexanizmləridir. İlin sonunda aparılacaq qiymətləndirmə bu siyasətin bazara, ekoloji vəziyyətə və nəqliyyat sisteminə real təsirini daha dəqiq göstərməyə kömək edəcək. Mənim fikrimcə, bu avtomobillərin əsas üstünlükləri yanacaq sərfiyyatının azalması, ətraf mühitə daha az zərər vurması, səssiz və komfortlu idarəetmə təqdim etməsi, texniki xidmət xərclərinin nisbətən aşağı olması və enerjidən daha səmərəli istifadə etməsidir. Xüsusilə şəhər daxilində hərəkət edən hibrid avtomobillər adi benzinli avtomobillərlə müqayisədə xeyli az yanacaq sərf edir ki, bu da sürücülərin aylıq xərclərini azaldır. Elektrik avtomobillərində egzoz qazı olmadığı, hibridlərdə isə emissiya daha aşağı səviyyədə olduğu üçün havanın çirklənməsi azalır ki, bu da xüsusilə Bakı kimi böyük şəhərlər üçün mühüm üstünlükdür. Elektrik mühərrikinin səssiz işləməsi idarəetmə rahatlığını artırır, tam elektrik avtomobillərində mühərrik quruluşunun daha sadə olması isə yağ dəyişmə kimi bəzi ənənəvi servis işlərinə ehtiyacı aradan qaldırır. Hibrid avtomobillərin əyləcləmə zamanı yaranan enerjini yenidən batareyaya ötürməsi də enerji səmərəliliyini artırır. Bununla yanaşı, elektrik avtomobilləri üçün şarj infrastrukturunun daha da genişləndirilməsinə ehtiyac var, batareyaların uzunmüddətli istismarı və dəyişdirilməsi gələcəkdə əlavə xərc yarada bilər. Hibrid avtomobillərdə isə həm daxili yanma mühərriki, həm də elektrik sistemi olduğundan bəzi hallarda təmir prosesi daha mürəkkəb olur. Ümumilikdə hesab edirəm ki, Azərbaycanın mövcud şəraitində tam elektrik avtomobilləri daha çox şəhərdaxili istifadə üçün, hibrid avtomobillər isə həm şəhər, həm də uzun məsafəli səfərlər üçün daha praktik seçimdir. Şarj şəbəkəsinin genişlənməsi və texnologiyaların inkişafı ilə gələcək illərdə elektrik avtomobillərinin bazardakı payının daha da artacağı gözlənilir".
Turqut Ansari
09:30 29.06.2026
Oxunuş sayı: 59