Ebola dünyada tüğyan edir: Azərbaycanla bağlı real vəziyyət açıqlandı
Dünya miqyasında səhiyyə sistemlərini sınağa çəkən və qlobal təhlükəsizlik müzakirələrinin mərkəzində dayanan Ebola virusu hər zaman kütləvi qorxu və maraq doğuran mövzulardan biri olub. İnfeksiyanın mənşəyi, yayılma arealı və beynəlxalq təşkilatların bu böhrana reaksiyası fonunda, xəstəliyin coğrafi hüdudları aşma potensialı regional mühafizə tədbirlərinin effektivliyini yenidən gündəmə gətirir. Bu kontekstdə, qlobal epidemioloji risklərin idarə olunması və spesifik olaraq Azərbaycanın mövcud təhlükəsizlik ekosistemindəki mövqeyi, həm elmi, həm də strateji baxımdan dərindən təhlil edilməli olan mühüm bir məsələdir.

Mövzunun əhəmiyyəti ilə bağlı Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov suallara aydınlıq gətirib: "Ebola ən çox Mərkəzi və Qərbi Afrika ölkələrində yayılan bir virusdur. Yoluxma yolları isə xəstə yarasalar və meymunlar vasitəsilə baş verir. Hazırda bu virusun yayıldığı ölkələrdə kifayət qədər ciddi əks-epidemik tədbirlər aparılır. Ümumdünya Səhiyyə Təşkilatı da vəziyyətdən tam xəbərdardır. Yəni, həmin bölgələrə kifayət qədər dərman təchizatı çatdırılır, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müxtəlif əks-epidemik tədbirlər görülür, aşkarlanan xəstələr izolyasiya olunur. Həmçinin, xəstəliyin yayıldığı ölkələrdəki infrastruktur problemlərinin həlli, misal üçün, su-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi kimi məsələlər diqqətdə saxlanılır. Güman edirəm ki, bütün bunlar Ebolanın daha geniş arealda yayılmasının qarşısını alacaq".
O bildirib ki, Azərbaycanda ebolaya yoluxma ehtimalı yox səviyyəsindədir: "Ölkəmizin iqlim şəraiti və həyata keçirilən əks-epidemik tədbirlər bunu bir daha sübut edir. Digər tərəfdən, quru sərhədlərinin bağlı olması və müəyyən karantin rejiminin tətbiqi kimi amillər də burada böyük rol oynayır. Ona görə də bizim ölkəmiz üçün hər hansı bir ciddi təhlükə gözlənilmir. Yekun olaraq güman edirəm ki, Ebola virusunun qlobal bir epidemiya, yəni pandemiya halını alması məsələsi hazırda gündəmdə deyil. İndiki şəraitdə bu, real görünmür".
Turqut Ansari
16:30 25.06.2026
Oxunuş sayı: 58