Könüllü tibbi sığortanın inkişafı səhiyyə islahatlarının növbəti mərhələsidir - Deputat
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov könüllü tibbi sığortanın inkişafının Azərbaycan səhiyyəsinin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, deputat bu barədə “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
R.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin 26 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, vətəndaşların müxtəlif xidmətlərə çıxış imkanlarının artırılması və müasir mexanizmlərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
“Proqramda diqqət çəkən istiqamətlərdən biri də könüllü sığorta mexanizmlərinin, o cümlədən könüllü tibbi sığortanın inkişafının təşviq edilməsidir. Hesab edirəm ki, bu yanaşma təkcə sığorta sektorunun deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və vətəndaşların daha geniş seçim imkanları əldə etməsinə xidmət edəcək strateji addımlardan biridir. Məhz bu baxımdan könüllü tibbi sığortanın səhiyyənin gələcəyi üçün nə ifadə etdiyini və onun yaradacağı imkanları ictimaiyyətlə bölüşmək istədim.
Bu mövzuya yanaşarkən çox vacib bir məqamı başdan vurğulamaq lazımdır: söhbət İcbari Tibbi Sığortanın alternativindən deyil, onun üzərində qurulan və sistemi daha da gücləndirən Könüllü Tibbi Sığorta mexanizminin inkişafından gedir”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan səhiyyəsində son illərin ən böyük islahatlarından biri İcbari Tibbi Sığorta sisteminin qurulması olub.
“Bu sistem nəticəsində milyonlarla vətəndaş ilk dəfə olaraq dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərə daha sistemli və bərabər çıxış imkanı əldə etdi. Bu yolla yüzminlərlə insana son üç il ərzində qiyməti beşmindən əllimin ABŞ dollarına ekvivalent, xəstə üçün çox yüksək vəsait tələb edən yüksək texnologiyalı mürəkkəb əməliyyatlara və hətta transplantasiyaya belə əlçatanlıq təmin edildi. Bu gün artıq cəmiyyətimizdə hər kəs anlayır ki, İcbari Tibbi Sığorta sosial dövlət prinsipinin mühüm elementlərindən biridir və onun əsas missiyası vətəndaşın minimum zəruri tibbi xidmətlərə çıxışını təmin etməkdir”, - deyə paylaşımda qeyd olunub.
R.Mahmudov bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsi səhiyyənin yalnız baza sığorta mexanizmi üzərində qurulmadığını göstərir.
“Lakin dünyanın inkişaf etmiş səhiyyə sistemlərinə nəzər saldıqda görürük ki, heç bir ölkədə səhiyyə yalnız baza sığorta mexanizmi üzərində qurulmur. Almaniyada, Fransada, Niderlandda, İsveçrədə, Türkiyədə və Rusiyada icbari sığorta ilə yanaşı könüllü tibbi sığorta sistemləri də fəaliyyət göstərir. Bu modellərdə dövlət baza xidmətləri təmin edir, könüllü sığorta isə vətəndaşa əlavə seçim, daha geniş xidmət paketi və daha yüksək komfort imkanları yaradır.
Məhz bu baxımdan Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramında könüllü tibbi sığortanın inkişafına xüsusi diqqət ayrılması olduqca əhəmiyyətli addımdır. Bu istiqamətin inkişafı həm vətəndaşların seçim imkanlarını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafını sürətləndirəcək, həm də ümumi səhiyyə sistemində sağlam rəqabət mühiti formalaşdıracaq”, - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, dünyanın heç bir ölkəsində bütün tibbi xidmətlərin məhdudiyyətsiz şəkildə yalnız dövlət vəsaiti hesabına göstərilməsi mümkün deyil.
“Bu gün reallıq ondan ibarətdir ki, bir çox yüksək texnologiyalı tibbi xidmətlərin maya dəyəri, avadanlıq xərcləri və insan resursları ilə bağlı tələblər mövcuddur. Dövlət sistemi və dövlət xəstəxanaları nə qədər inkişaf etsə də, dünyanın heç bir ölkəsində bütün xidmətlərin ən yüksək səviyyədə və məhdudiyyətsiz şəkildə yalnız dövlət vəsaiti hesabına göstərilməsi mümkün olmur. Buna görə də inkişaf etmiş ölkələrdə dövlət sistemi ilə yanaşı özəl tibbi sığorta və özəl səhiyyə sektoru da paralel inkişaf etdirilir”, - deyə o qeyd edib.
R.Mahmudov hesab edir ki, könüllü tibbi sığortanın genişlənməsi vətəndaşların daha keyfiyyətli xidmətlərə çıxışını artıracaq.
“Könüllü tibbi sığortanın genişlənməsi vətəndaşın daha keyfiyyətli xidmətə çıxış imkanlarını artırır. Bu, baza xidmətlərin ləğvi deyil. Əksinə, hər kəs üçün təmin edilən baza xidmətlərin üzərinə əlavə seçim imkanlarının yaradılmasıdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində insanlar daha yüksək təminat paketləri əldə etmək, daha geniş seçim imkanlarına sahib olmaq və əlavə tibbi xidmətlərdən yararlanmaq üçün könüllü sığorta mexanizmlərindən istifadə edirlər”, - deyə paylaşımda bildirilib.
Deputat əlavə edib ki, könüllü tibbi sığortanın inkişafı işəgötürənləri də əməkdaşlarına daha keyfiyyətli sosial paketlər təqdim etməyə təşviq edir.
“Bu isə əmək bazarında şəffaflığın artmasına, əməkhaqlarının daha düzgün rəsmiləşdirilməsinə və sosial müdafiə mexanizmlərinin güclənməsinə xidmət edir. İnsanlar daha yüksək əmək haqqı və daha yaxşı sosial təminat təqdim edən iş yerlərinə üstünlük verməyə başlayırlar ki, bu da bütövlükdə iqtisadiyyatın sağlam inkişafına töhfə verir”, - deyə o vurğulayıb.
R.Mahmudovun fikrincə, səhiyyədə rəqabət keyfiyyətin yüksəlməsinin əsas amillərindən biridir.
“Ən vacib məqamlardan biri isə rəqabətdir. Rəqabət olmayan yerdə inkişaf da olmur. Dövlət sistemi və özəl sektorun, icbari və könüllü sığorta mexanizmlərinin paralel fəaliyyəti səhiyyə müəssisələrini daha keyfiyyətli xidmət göstərməyə, yeni texnologiyalara investisiya yatırmağa və vətəndaş məmnuniyyətini artırmağa sövq edir. Nəticədə bundan qazanan tərəf vətəndaş olur”, - deyə o bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatlarının növbəti mərhələsi kimi könüllü tibbi sığortanın inkişafına verilən diqqət strateji əhəmiyyət daşıyır.
“Bu istiqamət gələcəkdə həm səhiyyə sisteminin maliyyə dayanıqlığını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafına təkan verəcək, həm də vətəndaşların daha keyfiyyətli və daha müxtəlif tibbi xidmətlərə çıxış imkanlarını genişləndirəcək”, - deyə Rəşad Mahmudov əlavə edib.
22:24 24.06.2026
Oxunuş sayı: 58