Metroda ürəkgetmə halları niyə artıb?
Hər gün minlərlə insanın mənzil başına çatmaq üçün seçdiyi ən qısa yol, yay aylarında dözülməz bir sınağa çevrilir. Yer səthindən metrlərlə aşağıda, sərnişin sıxlığının və anomal istilərin kəsişdiyi nöqtədə – metropolitendə təmiz nəfəs almaq getdikcə çətinləşir. Ventilyasiya sistemlərinin yetərsizliyi və platformalardakı basabas təkcə vaxtla deyil, həm də insan sağlamlığı, xüsusilə də ürək-damar sistemi ilə riskli bir qumara çevrilir. Bəs büdcəmizə və zamanımıza qənaət edən yeraltı nəqliyyatda huşunu itirmə və kəskin təzyiq düşməsi kimi hallardan necə qorunmalı, qatarların intervalsız hərəkəti bu problemi necə həll edə bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə Crossmedia.az-a açıqlama verib: "Bəllidir ki, metropoliten yer səthindən xeyli aşağıda yerləşir. Əslində, orada temperatur yerin səthinə nisbətən xeyli aşağı və sərin olur. Digər tərəfdən isə metropolitendə çox yaxşı ventilyasiya sistemi qurulmalıdır ki, orada hava daim təmizlənsin, havada müxtəlif mikroorqanizmlər qala bilməsin və içəri bayırdan oksigenlə zəngin hava daxil olsun. Yəni təmiz havanın daxil olması və ventilyasiya sisteminin işləməsi adekvat şəkildə qurulmalıdır. Amma sərnişin sıxlığı çox olanda və temperatur yüksələndə, əlbəttə ki, insanları isti vurması və huşunu itirmə halları baş verə bilər. Bu zaman təzyiqin qəfil aşağı düşməsi kifayət edir ki, insanların huşu getsin, yıxılsınlar və "ürəkgetmə" deyilən hal yaşansın. Ona görə də hesab edirəm ki, istiyə dözümü olmayanlar, həmçinin müxtəlif ürək-damar problemlərindən əziyyət çəkənlər metropolitendən mümkün qədər az istifadə etsinlər".
Ekspert bunu da qeyd edib ki, vətəndaşların metrodan istifadəsi zəruri haldır və bu onların maddi vəziyyətindən asılıdır: "Başqa bir məqamı da başa düşürəm: istər marşrutlardan, istərsə də metropolitendən istifadə etmək insanlar üçün bir zərurətdir. Bu, birbaşa onların gəlirlərinə bağlı olan məsələdir. Amma bununla yanaşı, mövcud situasiyada mümkün qədər yerüstü nəqliyyatdan istifadə etmək daha məqsədəuyğundur. Metro ilə gedib-gələnlərin sayı çoxdur və metronun yükü də yetərincə ağır olur. Lakin, yəqin ki, qatarların sayı da sıxlığa tam adekvat deyil. Qatarların sayını artırmaq və sərnişin axınını mümkün qədər seyrəltmək bu sahədə görülməli olan vacib tədbirlər sırasındadır. Çünki basabas zamanı qatarda və platformada temperatur qeyri-adi dərəcədə yüksəlir, oksigen çatışmazlığı yaranır və nəticədə də bu cür xoşagəlməz hallar baş verir".
Turqut Ansari
14:47 22.06.2026
Oxunuş sayı: 57