Gecə oyananda telefona baxmayın - Həkimdən xəbərdarlıq
Müasir dövrdə smartfonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilsə də, texnologiyadan asılılıq yataq otaqlarımıza qədər sızıb. Son zamanlar insanların qarşılaşdığı ən geniş yayılmış, lakin zərərsiz hesab edilən rəqəmsal vərdişlərdən biri də gecəyarısı qəfil oyanarkən ilk saniyələrdə telefona əl uzatmaqdır. Saatı öyrənmək, gələn mesajları yoxlamaq və ya sadəcə bir neçə dəqiqəlik sosial şəbəkələrdəki xəbər lentini nəzərdən keçirmək bəziləri üçün adi bir hərəkət kimi görünə bilər. Lakin aparılan araşdırmalar və tibbi tədqiqatlar göstərir ki, gecənin qaranlığında ekrandan yayılan süni işıq və beynin qəfil informasiya axınına məruz qalması sinir sistemimizdə təhlükəli, zəncirvari fəsadlara yol açır. Bu vərdiş fərqində olmadan beynimizi "gözləmə və həyəcan" rejiminə keçirərək xroniki yuxusuzluğu, yorğunluğu və zehni tükənməni tətikləyir.

Mövzu ilə bağlı Crossmedia.az-a nevroloq Qalib Əsədov açıqlama verib: “Gecəyarısı oyanıb telefona baxmaq zərərsiz vərdiş kimi görünsə də, nevroloji baxımdan bir neçə mexanizm vasitəsilə yuxunun keyfiyyətini poza bilər. Belə ki, telefon ekranından yayılan mavi spektrli işıq gözün tor qişasındakı xüsusi işığa həssas hüceyrələri aktivləşdirir. Bu siqnallar beyindəki əsas bioloji saat olan supraxiazmatik nüvəyə ötürülür. Nəticədə melatonin ifrazı azalır və ya gecikir. Beyin gecə olduğunu deyil, sanki səhər və ya gündüz olduğunu zənn edir və yenidən yuxuya getmək çətinləşir. Məsələ burasındadır ki, problem təkcə işıq deyil. Telefonu açan kimi sosial şəbəkələr aktivləşir, simpatik sinir sisteminin fəaliyyəti artır, nəbz və beyin oyanıqlığı yüksələ bilər. Xüsusilə xəbər, sosial şəbəkə və ya emosional məzmun stress hormonlarının artmasına səbəb ola bilər. Eyni zamanda yuxu arxitekturasının pozulması yaranır. Gecə ərzində qısa ekran istifadəsi belə dərin yuxunun müddətini azalda, REM yuxusunun quruluşunu poza və səhər yuxudan dincəlməmiş oyanma hissi yarada bilər. Bəs sonralar beyində nə baş verir? Xroniki olaraq bu vərdiş davam etdikdə diqqət və konsentrasiya zəifləyə, yaddaş pisləşə, əhval dəyişkənliyi və qıcıqlanma arta bilər. Miqrenə və ya baş ağrılarına meyli olanlarda tutmaların tezliyi arta bilər. Aylar və illərlə davam edən yuxu pozuntusu isə xroniki yorğunluq, narahatlıq və depressiya riskinin artması, metabolik pozğunluqlar, ürək-damar xəstəlikləri üçün əlavə risk faktorlarına səbəb olur. Gecə oyandıqda saatı yoxlamaq lazımdırsa, ekran parlaqlığını minimuma endirin. Mümkünsə, telefona baxmayın. Ekran əvəzinə zəif işıqlı saatdan istifadə edin”.
Ayxan İbişov
13:13 22.06.2026
Oxunuş sayı: 50