Həkim kəskin istilərlə bağlı xəbərdarlıq edib
Fəsillərin kəskin yerdəyişməsi, havaların qəfil isinməsi və iqlim normasına sığmayan anomal bürkü dalğası artıq hər birimizin gündəlik həyat ritmini, iş rejimini və ən əsası, sağlamlığını ciddi şəkildə təsir altına almağa başlayıb. Təbiətdə baş verən bu sürətli və kəskin temperatur artımı insan orqanizminin mövcud hava şəraitinə adaptasiya olmasını çətinləşdirir. Bu vəziyyət xüsusilə azyaşlı uşaqlar, yaşlılar və ürək-damar, şəkərli diabet kimi xroniki xəstəliklərlə mübarizə aparan şəxslər üçün gizli bir təhlükə mənbəyinə çevrilir. Hətta adi hallarda allergiyadan əziyyət çəkməyən insanlar belə, aqressiv günəş şüaları qarşısında həssaslıq nümayiş etdirirlər. Bəs bu təhlükəli bürkü dalğasından özümüzü və yaxınlarımızı necə qorumalı, günün aktiv saatlarında hansı qabaqlayıcı tədbirləri görməliyik?
Məsələ ilə bağlı Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib:
"Son vaxtlar hava temperaturunun ilin fəslinə uyğun olmayaraq kəskin şəkildə artması və anomal istilərin düşməsi bəllidir. Bu, iqlim normasına sığmayan bir vəziyyət olduğuna görə bir çox insanın səhhətində, sağlamlığında ciddi problemlərə yol açır. Təbii ki, yaranan bu vəziyyət risk qrupuna daxil olan insanların-xüsusilə 5 yaşadək uşaqların, 65 yaşdan yuxarı yaşlıların, eləcə də şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyi kimi xroniki xəstəliklərdən əziyyət çəkənlərin səhhəti üçün müəyyən təhlükələr yarada bilər. Eyni zamanda, bu cür bürkü və istilər allergiyası, günəşə qarşı həssaslığı olan insanlarda bir çox allergik fəsadların ortaya çıxmasına gətirib çıxarır.

Ona görə də biz insanlara və xəstələrə məsləhət görürük ki, günün müəyyən aktiv saatlarında günəş altında çıxmasınlar, özlərini qorusunlar; qoruyucu eynəklərdən, baş örtüklərindən və ya papaqlarından istifadə etsinlər. Günəş şüalarını birbaşa keçirməyən açıq rəngli, yüngül geyimlər geyinsinlər və gün altında uzun müddət qalmasınlar.
Xroniki xəstəlikləri olan insanlara gəldikdə isə, belə kəskin iqlim dəyişiklikləri zamanı təzyiq problemi və ürək ritminin pozulmasından əziyyət çəkənlər çox vaxt təcili yardıma müraciət etmək məcburiyyətində qalırlar. Ona görə də bu qrupdan olan şəxslərin öz sağlamlıqlarına qarşı daha diqqətli olmaları şərtdir".
Turqut Ansari
14:38 20.06.2026
Oxunuş sayı: 53