Psixoloqdan xəbərdarlıq: Bizi aşan mövzuları həyatımızın mərkəzinə çevirməyək
Bu gün bir çox insan sosial şəbəkələrdə qarşılaşdığı alqoritmlərdən narahat olur. İnsanlar düşünürlər ki, bir neçə dəqiqə əvvəl dostu ilə müzakirə etdiyi və ya haqqında düşündüyü mövzu qısa müddət sonra sosial şəbəkədə qarşısına çıxır. Bu isə onlarda "Telefonlarımız izlənilir?" sualını və müəyyən qorxu hissini yaradır.
Məsələn, ötən gün tanınmış vəkilin qızının motosiklet qəzasında həyatını itirməsi ilə bağlı xəbərin yayılmasından dərhal sonra sosial şəbəkələrdə həmin şəxsin əvvəlki videoları və paylaşımları geniş şəkildə istifadəçilərin qarşısına çıxmağa başladı. Hətta onun şəxsi hesabında yerləşdirdiyi videolar belə alqoritmlər vasitəsilə çox sayda insana göstərildi.
Belə hallarla tez-tez qarşılaşan insanlar bəzən texnologiyanın onları izlədiyini düşünürlər. Əslində isə sosial şəbəkələrin alqoritmləri istifadəçilərin maraq dairəsini, axtarışlarını və qarşılıqlı əlaqələrini təhlil edərək onlara oxşar məzmun təqdim edir. Bununla belə, bu proses bir çox insanda narahatlıq və şübhə hissi yaradır.
Bu barədə Crossmedia.az-a danışan psixoloq Gülşən Rüstəmova bildirib ki, həyatda və cəmiyyətdə yaşayırıqsa, bəzi alqoritmləri və informasiya axınını görməzdən gəlmək həyatımızı daha asan edə bilər:

"Dərin informasiyalara malik olmaq hər zaman üstün vəziyyətdə olmaq demək deyil. İnsanların düşüncələrini və fikirlərini kütləvi şəkildə yönləndirmək üçün ortaya atılan bəzi iddialar cəmiyyətdə çaxnaşma yarada bilir. Bəzən bunu müəyyən şəxslər məqsədyönlü şəkildə edir. Məqsəd isə insanları daha vacib məsələlərdən yayındırmaqdır. Bu, əslində, marketinq taktikasıdır".
Psixoloqun sözlərinə görə, bu cür qorxu və narahatlıqlar insan üçün faydalı deyil:
"Bilmədiyimiz bir mövzu haqqında həddindən artıq detallı araşdırmalar aparmaq bizi sadəcə yoracaq. Həm fiziki, həm də maddi baxımdan itkilərlə üzləşəcəyik və vaxtımızı itirəcəyik. Əgər diqqətimizi daha aktual mövzulara yönəltsək, bu cür məsələlər artıq həyatımızda önəmli yer tutmayacaq. Elə mövzular var ki, onlar bizim təsir imkanlarımızdan kənardadır. Həmin məsələləri həddindən artıq qloballaşdırmaq və onları həyatımızın prioritetinə çevirmək bizə yalnız zərər verə bilər".
G.Rüstəmova tövsiyə edir ki, insanlar həyatlarında daha vacib olan mövzulara diqqət ayırsınlar. Onun fikrincə, hər bir insanın dünyada baş verən bütün hadisələr haqqında məlumatlı olması məcburi deyil. Əsas olan insanın öz həyatı və gələcəyi üçün vacib olan məsələləri müəyyənləşdirərək diqqətini həmin istiqamətlərə yönəltməsidir.
Fatimə Məmmədova
10:00 19.06.2026
Oxunuş sayı: 52