Tramp danışdı: ABŞ İsraillə bağlı münasibətlərində "U" dönüşü edir?
ABŞ Prezidenti Donald Trampın fikrincə, İsrail Livana hücum etsə də, İranla razılaşma qüvvədə qala bilər.
“Bu müharibə (Livan) kiçik müharibədir. İrandakı isə böyük idi”, - Tramp bildirib.
Tramp anlaşmanın elan olunmasından bir az əvvəl İsrailin Livana hücum etməsindən narazı qaldığını diqqətə çatdırıb: “Mən bunu onlara (israillilərə) demişəm. Bunu xoşlamadım, heç xoşlamadım”.
ABŞ lideri İsrailin Baş naziri Benyamin Netanyahunu Livanla münasibətdə daha məsuliyyətli olmağa çağırıb: “Mən olmasaydım, indi İsrail yox idi. Çünki məndən başqa heç bir prezident mənim etdiklərimi etmək istəmədi”.
Tramp Livanda çox sayda insan tələfatından şikayətlənib. O qeyd edib ki, İsrailin “Hizbullah”la müharibəsi həddən artıq uzun çəkib.
“Hər dəfə bir nəfəri axtaranda, bütöv bir binanı yerlə-yeksan etmək lazım deyil. Çünki bu binalarda çoxlu insanlar var və onlar “Hizbullah” üzvləri deyil. Mən İsrailə dedim ki, qoyun “Hizbullah”la Suriya maraqlansın. Məncə, suriyalılar “Hizbullah” məsələsi ilə daha uğurlu şəkildə məşğul olarlar”.
ABŞ Prezidenti Donald Trampın İsrailin Livandakı hərbi əməliyyatlarını tənqid etməsi. Eyni zamanda İranla mümkün razılaşmanın qüvvədə qala biləcəyini bildirməsi Vaşinqtonun Yaxın Şərqdə daha balanslı siyasət yürütmək niyyətindən xəbər verir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Trampın açıqlamaları ilk növbədə ABŞ-nin regiondakı əsas müttəfiqi olan İsraillə münasibətlərində yeni balans axtarışını göstərir.

Onun sözlərinə görə, Vaşinqton üçün İsrailin təhlükəsizliyi strateji prioritet olaraq qalsa da, ABŞ rəhbərliyi regionda daha geniş geosiyasi maraqları və mümkün eskalasiya risklərini də nəzərə almağa çalışır: " İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı Trampın tənqidi bir neçə aspektdən diqqət çəkir. ABŞ tarixən İsrailin təhlükəsizlik narahatlıqlarını dəstəkləyib və xüsusilə İranın regiondakı təsir imkanlarına qarşı İsrailin mövqeyini nəzərə alıb. Lakin Vaşinqton üçün əsas problem ondan ibarətdir ki, regional münaqişələrin genişlənməsi ABŞ-ni daha böyük hərbi və siyasi böhranların içinə çəkə bilər. Livan istiqamətində gərginliyin artması isə yalnız İsrail-Livan sərhədi məsələsi deyil, eyni zamanda İranın regional şəbəkələri və ümumilikdə Yaxın Şərqdəki qüvvələr balansı ilə bağlıdır.
R.Bayramovun fikrincə, Trampın İranla mümkün razılaşmanı digər regional proseslərdən ayrı saxlamaq istəyi də diqqətçəkən məqamdır: "Bu, ABŞ-nin müəyyən məsələlər üzrə idarə olunan diplomatik mexanizmlər formalaşdırmaq cəhdinə işarə edir. İran və ABŞ arasında əldə olunan ilkin razılaşma məhz Tehranın bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması şərtinin Vaşinqton tərəfindən qəbul edilməsindən sonra mümkün olub. Əgər İsrail Livan və digər istiqamətlərdə hərbi əməliyyatları davam etdirirsə, bu, əldə olunmuş ilkin anlaşmanı şübhə altına sala bilər. Vaşinqton İranla əldə olunan razılaşmanı regionda sabitliyin təmin olunmasına xidmət edən vasitə kimi görürsə, İsrailin bütün hərbi addımlarını qeyd-şərtsiz dəstəkləməkdən çəkinməlidir. Bununla belə, bu vəziyyəti ABŞ-nin İsraildən uzaqlaşması kimi qiymətləndirmək düzgün olmazdı. Çünki İsrail hələ də Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm strateji tərəfdaşlarından biridir".
Politoloqun sözlərinə görə, ABŞ regionda genişmiqyaslı müharibənin, enerji bazarlarında qeyri-sabitliyin və yeni təhlükəsizlik böhranlarının yaranmasının qarşısını almağa çalışır: "Bu baxımdan Trampın İsrailin Livandakı əməliyyatlarını açıq şəkildə tənqid etməsi başadüşüləndir. Vaşinqton bu mesajla göstərir ki, İsrailin hərbi qərarları beynəlxalq reallıqları və xüsusilə ABŞ faktorunu nəzərə almadan həyata keçirilə bilməz. ABŞ İsrailin təhlükəsizlik maraqlarını qəbul edir, lakin regional sabitliyi poza biləcək addımları dəstəkləmək niyyətində deyil. Trampın son açıqlamaları ABŞ-nin Yaxın Şərq siyasətində daha praqmatik və çevik yanaşmaya üstünlük verdiyini göstərir. Vaşinqton həm İsrailin təhlükəsizlik tərəfdaşı olaraq qalmaq, həm də İranla müəyyən anlaşma imkanlarını qorumaq istəyir ki, bu da ABŞ-nim region siyasətində yeni diplomatik balans formalaşdırmağa çalışdığını göstərir".
Zeynəb Həsən
20:00 18.06.2026
Oxunuş sayı: 45