ABŞ-də "Epşteyn böhranı" yenidən gündəmdə: Şok detallar üzə çıxdı
ABŞ-da miqrant uşaqların qanunsuz yollarla ölkəyə gətirilməsi və transmilli cinayət şəbəkələri tərəfindən istismara məruz qalması ətrafında ciddi proseslər cərəyan edir. Ağ Ev administrasiyasının bu istiqamətdə həyata keçirdiyi son əməliyyatlar qlobal səviyyədə böyük rezonansa səbəb olub.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən beynıəlxalq münasibətlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, hazırda ABŞ Federal Təhqiqat Bürosu (FTB) və təhlükəsizlik xidmətləri bu şəbəkələrə qarşı ciddi mübarizə aparır: “Ağ Ev administrasiyası bu əməliyyatı "Epşteyn işi" kimi birbaşa qlobal elitaya ötürür və miqrant uşaqlarla bağlı məsələni ölkəyə gətirib istismar edən transmilli cinayət şəbəkələrini hədəf altına alır. Əlbəttə ki, burada super sponsorlar da hədəfdədir. Yəni ABŞ Federal Təhqiqat Bürosu və təhlükəsizlik xidməti saxta sənədlərlə özlərini uşaqların qohumu elan edənləri hədəfə götürür. Təbii ki, ortada, həqiqətən də, dəhşətli bir fakt var. Təsəvvür edin ki, ölkəyə daxil olan, lakin sonradan nəzarətdən çıxan 146 min uşaq tapılıb. Amma orada haradasa 300 min uşaqdan isə ümumiyyətlə xəbər yoxdur. Beləliklə, yarım milyon şəxsin dəhşətli cinsi istismara və zorakılığa məruz qaldığını görə bilirik. Bu isə öz-özlüyündə böyük bir humanitar böhrandır”.
Ekspert bu qalmaqalın ABŞ daxilində ciddi siyasi nəticələr doğuracağını da vurğulayıb: “Məsələnin siyasi konteksti, əlbəttə ki, olacaq. Çünki baş verən bu hadisənin demokratlara qarşı bir mübarizə aləti olması konkret arqumentlərə söykənir. Məsələn, bu məsələdə keçmiş administrasiya öz öhdəliklərinə və borclarına biganə qalmaqda günahlandırılır. Eyni zamanda, həmin uşaqların əksəriyyəti məhz demokratlar tərəfindən idarə olunan sığınacaq şəhərlərində — Nyu-Yorkda və digər yerlərdə tapılıb. Cinayətkarlar həmin uşaqları məhz bu şəhərlərdə gizlədiblər. Ortada bax belə ciddi məsələlər var”.
Ayxan İbişov
15:04 17.06.2026
Oxunuş sayı: 59