ABŞ Venesuelanı tərk etməli olacaq: Trampın "oxları daşa dəydi"
Son dövrlərdə Venesuela ətrafında cərəyan edən proseslər qlobal güclərin Latın Amerikasındakı maraqlarının toqquşmasını və beynəlxalq hüququn təməl prinsiplərinin necə sarsıldığını növbəti dəfə gündəmə gətirib. Xüsusilə Vaşinqton administrasiyasının regiona birbaşa müdaxilə cəhdləri müstəqil dövlətlərin suverenliyi mövzusunu qlobal siyasi arenada kəskin müzakirə obyektinə çevirib. Beynəlxalq analitiklər və siyasi ekspertlər qeyd edirlər ki, böyük dövlətlərin başqa ölkələrin daxili işlərinə bu cür kobud müdaxilələri heç bir hüquqi çərçivəyə sığmır. Tarixi təcrübə, xüsusən də Vyetnam, Əfqanıstan və son vaxtlar Afrikada yaşanan hadisələr sübut edir ki, hərbi gücə güvənərək qurulan hegemonluqlar heç vaxt əbədi ola bilməz. Müasir dünyada hegemon qüvvələrin təzyiqləri xalqların müstəqillik və azadlıq iradəsi qarşısında gec-tez iflasa uğramağa məhkumdur. Bu kontekstdə Venesuelanın gələcək siyasi taleyini və strateji kursunu kənar güclər deyil, yalnız yerli xalqın özü müəyyənləşdirməlidir. Çünki hər bir suveren dövlətdə hakimiyyətin yeganə qanuni mənbəyi xalqın azad və demokratik iradəsidir. Hazırda dünya birliyinin diqqəti Venesueladakı bu hüquqi bərpa prosesinə və xarici təzyiqlərə qarşı göstərilən müqavimətə yönəlib.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib: "Trampın Venesueladakı mövcudluğu onun bu ölkədəki üstün, hamıdan artıq reytinqinə və yaxud da ki, nüfuzuna söykənmir. Əksinə, bütün müşahidələrə və ehtimallara görə, Venesuelada xalq, ictimaiyyət Trampın ölkədəki mövcudluğuna ABŞ-nin işğalı kimi baxır. Bunun başqa bir adı da yoxdur. Əgər Tramp Amerikanın prezidenti olaraq Venesuelaya gəlib, zorakı şəkildə ölkənin prezidentini aparıb həbs edirsə, bu, o deməkdir ki, Venesuelanın müstəqil və suveren bir dövlət olaraq beynəlxalq hüquqa uyğun haqları və suverenliyi kobud şəkildə pozulur. Əgər bir ölkənin suverenliyi və beynəlxalq hüquqla müəyyənləşmiş haqları pozulursa, həmin o pozuntuya yol vermiş dövlətin o ölkədə heç bir halda reytinqi və hörməti qala bilməz".
Politoloq qeyd edib ki, Venesuela gecya da tez öz suverenliyini bərpa edəcək: "Ona görə də Trampın Amerikanın adından Venesueladakı mövcudluğu sadəcə olaraq müvəqqəti bir təzahürdür. Bu prosesin ömrü uzun çəkməyəcək, gec-tez Venesuela öz suverenliyini bərpa edəcək. Aydın məsələdir ki, Venesuela xalqı nə Amerikanın işğalı altında, nə də hər hansı bir diktatorun hakimiyyəti altında yaşamağa layiqdir. Amma bütün hallarda, ölkənin daxili və xarici siyasəti ancaq Venesuela xalqının iradəsi ilə müəyyən olunmalıdır. Əgər Venesuela xalqının iradəsi həlledici bir faktor kimi ortaya çıxacaqsa, orada nə ABŞ, nə Rusiya, nə Çin, nə də bir başqası hegemon mövqedə, dominant qüvvə rolunda ola bilər. Həm də tarixən ABŞ işğal etdiyi heç bir ölkədə əbədi qalmayıb. Demək olar ki, zor gücünə oturduğu ölkələrin hamısını gec-tez tərk etməli oldu. Məsələn, Əfqanıstanı, Vyetnamı tərk etdi. Digər ölkələrin timsalında da bunu göstərmək mümkündür. Elə son vaxtlarda Fransanın bir neçə Afrika ölkəsindən çıxıb getməyə məcbur edilməsi bir daha göstərir ki, heç bir ölkə özünün böyüklüyünə, supergüclüyünə güvənərək başqa bir ölkənin xalqını öz əsarəti altında əbədi saxlaya bilməz, başqa dövlətlərin suverenliyini poza bilməz. Ona görə də məsələnin adını bu cür qoymaq lazımdır: istilaçı bir dövlət kimi ABŞ-nin Venesuelada nüfuzu yoxdur və ola da bilməz. Çox tezliklə, müəyyən bir zaman çərçivəsində, yəqin ki, ABŞ Venesuelanı tərk etməli olacaq və Venesuelada hakimiyyət xalqın iradəsi ilə müəyyənləşmiş bir qüvvəyə veriləcək".
Turqut Ansari
11:24 17.06.2026
Oxunuş sayı: 72