Ən düzgün yatmaq pozisiyası açıqlanıb
Yatmaq pozisiyasının insan sağlamlığına təsiri son dövrlər geniş müzakirə olunan mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, yatarkən seçilən mövqe onurğa sütununun vəziyyətinə, daxili orqanların fəaliyyətinə, tənəffüs sisteminə və ümumi sağlamlıq durumuna təsir göstərə bilər. Xüsusilə ürək-damar xəstəlikləri və tənəffüs problemləri olan şəxslər üçün düzgün yuxu pozisiyasının seçilməsi vacib hesab olunur.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan həkim-cərrah, professor Adil Qeybulla bildirib ki, fizioloji baxımdan ən düzgün yuxu forması bel üstə yatmaqdır: “Əslində, ən düzgün yatmaq düz, bərk yerdə, yəni bel üstə yatmaqdır. Bu, fizioloji olaraq ən düzgün yatma formasıdır. Bu zaman heç bir orqan sıxılmır, problem yaşanmır, onurğa sütunu da düz qalır və s. Amma təəssüflər olsun ki, insanlar bel üstə yatmağa öyrəşməyiblər. İnsanlar daha çox yan üstə və ya üz üstə yatırlar. Yan üstə yatmağın ən narahat forması sol böyrü üstə yatmaqdır. Bu, ürəyin işləməsinə xeyli mane olur. Xüsusilə ürək xəstəliyi olan şəxslər, bronxial astması olan xəstələr və müxtəlif maddələr mübadiləsi pozğunluqları olan insanlar bu şəkildə yata bilmirlər. Bu zaman ürək sıxılır, ürək döyüntüləri çətinləşir. Ona görə də sol böyrü üstə yatmaq məqsədəuyğun deyil. Sağ böyrü üstə yatmaq olar. Bu zaman da mütəmadi olaraq mövqeni dəyişmək məqsədəuyğundur, yəni bel üstə və ya sağ böyrü üstə çevrilərək yatmaq olar. Ayrı-ayrı insanların öyrəşdiyi yuxu pozisiyaları var. Elə adam var ki, üz aşağı yatmağı xoşlayır”.
Professor əlavə edib ki, qadınlara üz aşağı yatmaq məsləhət deyil, çünki süd vəziləri əzilir: “Ümumiyyətlə, üz aşağı yatmaq daxili orqanları da sıxır. Amma bel üstə yatmaq ən funksional yatma formasıdır. Bunu nəzərə almaq lazımdır. Hər şey vərdişdən asılıdır. İnsanlar vərdiş edərək istənilən bir pozada yata bilərlər. Amma sol böyrü üstə yatmaq, əlbəttə ki, daha məqsədəuyğun hesab olunmur”.
Zeynəb Həsən
12:18 16.06.2026
Oxunuş sayı: 61