Təhlükəli mərhələ başlayır: Fast- Fooddan istifadəyə məhdudiyyət qoyulacaq?
Son illər yeniyetmə və gənclər arasında fast-food, mayonez tərkibli məhsullar və qazlı içkilərə olan tələbatın kəskin artması ciddi tibbi fəsadlara yol açır. Mütəxəssislərin xəbərdarlığına görə, bu növ qidalanma rejimi orqanizmdə insulin rezistentliyi (insulin dirənci) yaradaraq asılılıq formalaşdırır və gənclərin normal qidalanma vərdişlərini pozur. Hazırda klinikalara piylənmə, metabolik sindrom və şəkərli diabetin ilkin mərhələləri ilə müraciət edən gənc pasiyentlərin sayında kəskin artım qeydə alınır. Həkimlər gələcəkdə ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ailələrdə təcili profilaktik tədbirlərin görülməsini tələb edirlər.

Məsələ ilə həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib: "Nəzərə almalıyıq ki, bugün insanların böyük əksəriyyəti, o cümlədən uşaqlar, gənclər və yeniyetmələr daha çox fast-food yeməklərinə meyillidirlər: mayonez tərkibli qidalara, "Fanta", "Kola" kimi qazlı içkilərə üstünlük verirlər. Qida məsələlərində çox təhlükəli bir dönəmdə yaşayırıq. Bilirsiniz ki, bugün şəhərimizdə, regionlarımızda, böyük şəhərlərdə, bizə yaxın və dost ölkə olan Türkiyənin böyük şəhərlərində mayonez, burger sousları və qazlı içkilərlə bağlı heç bir məhdudiyyət yoxdur. Bu cür qidalar insanlara sadəcə qəlyanaltıkimi təklif olunur.
Ekspert onu da qeyd edib ki, belə qidalar insanlarda asılılıq yaradır: "İnsan bu qidaları yeyir, qısa müddət sonra isə yenidən aclıq hissi yaranır. Bu, nə deməkdir? Bu o, deməkdir ki, həmin insanlarda, xüsusilə də uşaqlarda və yeniyetmələrdə "insulin rezistentliyi", yəni insulin dirənci deyilən bir vəziyyət formalaşır. Zamanla bu qidalara və içkilərə qarşı asılılıq, güclü bir vərdiş yaranır. Onları tez-tez almaq, yenidən yemək istəyirlər. Gənclər və yeniyetmələr artıq evdə hazırlanmış sağlam yeməklərdən imtina etməyə başlayırlar. Sonda bu proses çox riskli amillərin meydana gəlməsinə səbəb olur: uşaqlarda və yeniyetmələrdə piylənmə, insulin dirənci, metabolik sindromlar, maddələr mübadiləsinin pozulması və şəkərli diabet xəstəliyi. Biz həkimlər görürük ki, insanlar zamanında müraciət etmədikdə, artıq ən ağır vəziyyətdə - piylənmə, qanda şəkərin qalxması, şəkərə meyillilik və insulin dirənci kimi metabolik sindromlarla bizə gəlirlər. Bu hallar isə həkimlərdən təcili və adekvat müalicə tələb edir".
Ş. Məmmədov onu da əlavə edib ki, bu məsələdə valideynlər övladlarına xüsusi diqqət göstərməlidir: "Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Hər bir ailədə valideynlər təbliğ etməlidirlər ki, uşaqlar bu cür qidalardan zamanla imtina etsinlər. Əgər istər böyüklər, istərsə də gənclər zamanında bu vərdişlərdən imtina etməsələr, gələcəkdə maddələr mübadiləsinin pozulması, şəkərli diabet və kardiovaskulyar (ürək-damar) xəstəlikləri kimi kifayət qədər ciddi risklərlə üzləşə bilərlər".
Turqut Ansari
16:41 15.06.2026
Oxunuş sayı: 62