Azərbaycanda turizmi necə inkişaf etdirmək olar?
Müasir dövrdə dünyada və regionda baş verən hərbi-siyasi münaqişələr, eləcə də hava məkanlarındakı məhdudiyyətlər qlobal iqtisadiyyatın ən həssas sahələrindən olan turizm sektoruna ciddi mənfi təsir göstərir. Post-pandemiya dövründə Azərbaycanda turizm bazarının tam bərpa olunması istiqamətində addımlar atılsa da, yaxın qonşuluqda və fərqli regionlarda yaranan gərginliklər, uçuşların təxirə salınması və ya marşrutların uzanması ölkəmizə gələn xarici turistlərin sayında və turizm gəlirlərində müəyyən azalmalarla müşahidə olunur.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Crossmedia.az-a açıqlama verib: “Təəssüflər olsun ki, Azərbaycanda turizm bazarının bərpa olunması mövcud şərtlərə görə çətindir. Bərpa məsələlərindən danışanda COVİD-19 pandemiyasından, yəni 2019-cu ildən sonrakı dövrü nəzərdə tuturam. Bazar hələ bərpa dövrünü yaşayır. Azalmanın əsas səbəbi müxtəlif regionlardakı toqquşmalar, o cümlədən ABŞ - İsrail tandemi ilə İran arasındakı müharibə, Hindistan-Pakistan arasında olan gərginliklər, həmçinin o istiqamətlərdən ölkəmizə uçuşların dayanması və ya azalması, körfəz ölkələrinin hava məkanının bağlı olması səbəbindən uçuşlarının bəzilərinin təxirə salınması, uçuş vaxtının uzanması və s. Yəni, Azərbaycana həmin istiqamətlərdən gələn turistlərin səfərlərini əlverişsiz edib. Bu da təbii ki, ümumi gələnlərin sayının təxminən 10% azalmasına, xərclərinin 20%-dən çox azalmasına səbəb olub. Buna paralel olaraq, əlbəttə, müxtəlif işlər görülür yeni hədəf bazarlarında Azərbaycanın turizm destinasiyası kimi tanıtımı işləri aparılır. Təəssüf ki, savaşlar hələ bitməyib. Bu da turizmin inkişafına təsir göstərir".
Ekspert söyləyib ki, vəziyyətin yumşaldılması üçün müəyyən addımlar atılır: "Dediyim kimi, müxtəlif ölkələrdə Azərbaycanın tanıtım işləri gedir. Gürcüstanla Azərbaycan arasında açılan sərnişoin qatarı da prosesə töhfə verəcək. Sözsüz də orada da müəyyən işlər görülməlidir ki, vətəndaşlar rahat şəkildə bilet ala bilsinlər, yaradılmış şəraitdən daha çox fayda götürsünlər. Hələ ki, müəyyən məhdudiyyətlər də var. Amma ümumilikdə, müsbət tendensiyadır. Eyni zamanda, bizim Bakıdan kənardakı regional beynəlxalq hava limanlarımızın səmərəli çalışması üçün biz daha çox şəraitlər yaratmalıyq ki, insanlar Azərbaycana məqsədli, daha çox seçsinlər”.
Ayxan İbişov
14:27 08.06.2026
Oxunuş sayı: 54