Kosmosda mühüm hadisə baş verəcək: Bir həftə qalıb
İyunun 15-də səma həvəskarlarını və astronomiya ilə maraqlananları maraqlı bir kosmik hadisə gözləyir. Həmin gün Ay həm Yerə ən yaxın mövqelərindən birində olacaq, həm də Təzə Ay fazasına daxil olacaq. Astronomiyada "Super Təzə Ay" adlandırılan bu nadir hadisə Ayın perigey nöqtəsinə yaxın zamanda yeni fazaya keçməsi nəticəsində meydana gəlir.
Mütəxəssislərin sözlərinə görə, Super Təzə Ay adi müşahidəçilər üçün görünməsə də, elmi baxımdan böyük əhəmiyyət daşıyır. Bu zaman Ayın Yerə yaxınlaşması və Günəşlə eyni istiqamətdə yerləşməsi okeanlarda qabarma-çəkilmə proseslərini gücləndirə, eyni zamanda gecə səmasının daha qaranlıq olması səbəbindən dərin kosmik obyektlərin müşahidəsi üçün əlverişli şərait yarada bilər.

Məsələ ilə bağlı fizika üzrə fəlsəfə doktoru, astrofizik Xıdır Mikayılov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İyunun 15-də baş verəcəyi bildirilən “super ay” hadisəsi adi gözlə müşahidə edilə bilməyəcək. Yeni ay fazasında Ay Yer ilə Günəş arasında yerləşdiyi üçün onun işıqlanan hissəsi Günəşə tərəf yönəlir və Yerə baxan hissəsi qaranlıq qalır. Bu səbəbdən yeni ay fazasını görmək mümkün olmur və onun baş verdiyi yalnız astronomik hesablamalar vasitəsilə müəyyən edilir. Günlər keçdikcə Ayın işıqlanan hissəsi görünməyə başlayır və bu mərhələ hilal adlanır. “Super ay” anlayışı isə tamamilə fərqli hadisədir. Belə ki, Ay Yerə ən yaxın nöqtədə olduğu zaman tam ay fazası ilə üst-üstə düşərsə, bu hadisə “super ay” adlandırılır. Həmin vaxt Ay adi gözlə daha iri və daha parlaq görünür".
Mütəxəssis vurğulayıb ki, iyunun 6-da qeydə alınacaq “super yeni ay” hadisəsi görünən astronomik hadisə deyil: "Sadəcə olaraq, həmin gün yeni ay fazası Ayın Yerə ən yaxın məsafələrindən birinə təsadüf edir. Bu hadisənin insan sağlamlığına hər hansı mənfi və ya müsbət təsiri yoxdur. Yeganə nəzərəçarpan təsir Ayın cazibə qüvvəsi ilə əlaqədar qabarma və çəkilmələrin amplitudunun bir qədər artmasıdır. Bu cür hadisələr təbiətdə müntəzəm olaraq təkrarlanan adi astronomik proseslərdir və narahatlıq doğuran heç bir məqam yoxdur".
Elmir Heydərli
10:56 08.06.2026
Oxunuş sayı: 58