Partiya sədri Azərbaycan-Ukrayna münasibətlərindən danışdı: Zelenskinin Bakıya səfəri...
Azərbaycan və Ukrayna arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoya bilər. Rəsmi Kiyev Bakı ilə mövcud tərəfdaşlığın daha da genişləndirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib. Bu istiqamətdə aparılan danışıqlar iki ölkə arasında strateji əməkdaşlığın enerji təhlükəsizliyi sahəsində də gücləndiyini göstərir.
Ukraynanın enerji infrastrukturunun müharibə şəraitində ciddi təzyiqlərlə üzləşdiyi bir dövrdə Azərbaycanın göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Kiyev Azərbaycanın təqdim etdiyi humanitar və texniki yardımları yüksək qiymətləndirərək, enerji sisteminin dayanıqlığının artırılması və kritik avadanlıqlarla təminat məsələlərində əməkdaşlığın davam etdirilməsinə önəm verdiyini vurğulayır.
Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycanla Ukrayna arasında hazırda çox yüksək səviyyəli münasibətlər formalaşıb. Məlum olduğu kimi, Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqların ölkəmizdə qəbul olunması, onlara humanitar yardım göstərilməsi və digər istiqamətlərdə Ukraynaya daim dəstək verib. Bu, həm beynəlxalq ictimaiyyətə, həm də Ukrayna xalqına yaxşı məlumdur. Məhz buna görə də Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı etimada və dostluğa əsaslanaraq inkişaf edir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və həmkarı İlham Əliyevlə keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Görüşlər çərçivəsində enerji, iqtisadiyyat, ticarət və digər sahələr üzrə əməkdaşlığın inkişafına dair məsələlərin müzakirə olunması hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu cür təmaslar tərəfdaşlığın daha da möhkəmlənməsinə və yeni imkanların yaranmasına şərait yaradır".
O bildirib ki, Azərbaycanın xarici siyasəti hər zaman balanslı və uğurlu olub:
"Ölkəmiz beynəlxalq hüququn, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasını ardıcıl şəkildə dəstəkləyib. Prezident İlham Əliyev dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib ki, bu da Ukrayna üçün mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Azərbaycan-Ukrayna münasibətləri bundan sonra da uğurla inkişaf edəcək, iqtisadi, humanitar, ticarət, enerji və digər sahələri əhatə edəcək. Azərbaycanın Ukraynaya göstərdiyi dəstək və həmrəylik bir daha sübut edir ki, ölkəmiz sülhə, əməkdaşlığa və beynəlxalq hüququn prinsiplərinə sadiq dövlətdir. Bu dostluğun və tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyi hər iki dövlət üçün mühüm uğurlar vəd edir".
Elmir Heydərli
17:55 04.06.2026
Oxunuş sayı: 54