Azərbaycanda ilin sonunadək azı dörd yeni elektrik stansiyası istismara veriləcək
"2026-cı ilin sonunadək imzalanmış investisiya sazişləri çərçivəsində ən azı dörd yeni elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur".
Crossmedia.az xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində "Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış Günəş fotovoltaik potensialının xəritələşdirilməsi" adlı panel müzakirəsində deyib.
O bildirib ki, bunlardan biri 245 meqavat gücündə iri Günəş elektrik stansiyasıdır:
"Tikintisi başa çatmaq üzrə olan və bu ilin sonuna qədər tam istifadəyə veriləcəyi gözlənilən bu layihə ilk dəfə COP29 zamanı elan edilmiş təşəbbüslərdən biri idi və artıq deyə bilərik ki, olduqca uğurlu layihəyə çevrilib. Ümid edirik ki, stansiya ilin sonuna qədər tam istismara veriləcək.
Növbəti iki layihə isə Şərqi Zəngəzur yaşıl enerji zonasında yerləşir. Hər biri 25 meqavat gücündə olan bu stansiyalardan biri "Nobel Energy" tərəfindən, digəri isə başqa bir yaşıl enerji şirkəti tərəfindən inşa edilir".
O əlavə edib ki, 2026-cı ilin sonunadək külək enerjisi sahəsində də yeni layihələrin istismara verilməsi planlaşdırılır:
"Bunlardan biri ümumi gücü 230 meqavat olan böyük külək elektrik stansiyasıdır".
13:10 03.06.2026
Oxunuş sayı: 39