Neft-kimya sahəsində “yaşıl texnologiyalar” sürətlənməlidir - ekoloqdan çağırış
Neft-kimya sənayesi iqtisadi baxımdan mühüm sahələrdən biri olsa da, ekoloji təsirləri ilə bağlı narahatlıqlar daim gündəmdədir. Xüsusilə, tullantıların idarə olunması və ətraf mühitə vurulan zərərin azaldılması üçün daha müasir texnologiyaların tətbiqi vacib sayılır.
İqtisadçı Elmar Qasımov da hesab edir ki, neft-kimya sahəsində ekologiyaya daha az ziyan vuran texnologiyalara keçid sürətləndirilməlidir. Bəs bu istiqamətdə atılmalı olan ilk addımlar hansılardır?
Mövzu ilə bağlı ekoloq Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib:

“Neft-kimya sənayesində tamamilə ekoloji zərərsiz istehsal mövcud deyil. Çünki bu sahə neft tullantıları, plastik, polietilen, maşın yağları, benzin, dizel və digər kimyəvi məhsulların emalı ilə bağlıdır.
Bütün bunlar müəyyən dərəcədə ətraf mühitə təsir göstərir. Lakin müasir texnologiyalar vasitəsilə bu zərəri minimuma endirmək mümkündür. Əsas məsələ tullantıların filtrasiya olunması, təkrar emala yönləndirilməsi və atmosferə atılan zərərli maddələrin azaldılmasıdır.
Bir çox ölkələrdə zavodlardan çıxan tüstü və tullantılar xüsusi sistemlərlə emal olunur, hətta bəzi tullantılardan yenidən məhsul hazırlanır. İşlənmiş maşın yağları və plastik məhsullar da təbiətə atılmaq əvəzinə təkrar istehsala yönləndirilə bilər.
Azərbaycan neft istehsalçısı ölkə kimi neft-kimya sənayesini inkişaf etdirməlidir. Çünki neft yalnız benzin və dizel deyil, yüzlərlə məhsulun xammalıdır. Plastik sənayesi, mühərrik yağları, təkər istehsalı və digər sahələr bu istiqamətdə böyük potensiala malikdir.
Hazırda Azərbaycan bir çox belə məhsulu xaricdən idxal edir. Halbuki xammal, infrastruktur, mütəxəssis bazası və təcrübə ölkənin özündə mövcuddur”.
Ekoloq əlavə edib ki, bu gün nefti xammal kimi ucuz qiymətə ixrac edib, sonradan həmin xammaldan hazırlanan məhsulları daha baha qiymətə geri almaq iqtisadi baxımdan sərfəli deyil:
“Neftin ölkə daxilində emalı və hazır məhsul istehsalı həm dövlət gəlirlərini artırar, həm idxalı azaldar, həm də yeni sənaye sahələrinin inkişafına təkan verər.
Hesab olunur ki, xammal əvəzinə hazır məhsul ixracı ölkəyə bir neçə dəfə artıq gəlir qazandıra bilər. Eyni zamanda bu sənaye yaşayış məntəqələrindən uzaqda qurulmalı, ekoloji təhlükəsizlik standartlarına ciddi əməl edilməlidir.
Tullantıların düzgün idarə olunması, təkrar emal müəssisələrinin yaradılması və innovativ texnologiyaların tətbiqi ətraf mühitə dəyən zərəri azaltmağa imkan verər.
Azərbaycanın bu sahədə həm zəngin xammal ehtiyatı, həm elmi bazası, həm də sənaye təcrübəsi var. Buna görə də neft-kimya sənayesinin inkişafı ölkə iqtisadiyyatı üçün ən perspektivli istiqamətlərdən biri hesab oluna bilər”.
Ayhan
13:04 26.05.2026
Oxunuş sayı: 46