Sürücülər, bu xəbəri mütləq oxuyun
Yol hərəkətində tez-tez baş verən qəzalar və sürücülərin ehtiyatsız davranışları təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Bu səbəbdən qanunvericilikdə də mütəmadi olaraq yeniliklər edilir və qaydalar sərtləşdirilir. Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 346.1, 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulan qayda pozuntuları zamanı, əgər sürücü nəqliyyat vasitəsinin yanında olmazsa, inzibati xəta haqqında qərarın surəti artıq avtomobilin ön şüşəsinə qoyulmayacaq.

Mövzu barədə Crossmedia.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Adil Nəbiyev söyləyib ki, bu dəyişiklik inzibati cərimələrlə bağlı bildiriş mexanizmini dəyişir və əsas məqsəd qərarın sürücüyə daha təhlükəsiz, rəqəmsal və nəzarət edilə bilən formada çatdırılmasıdır: " Əvvəllər bəzi hallarda inzibati xəta haqqında qərar və ya cərimə bildirişi avtomobilin ön şüşəsinə yerləşdirilirdi. Yeni yanaşmada isə məlumatın elektron sistemlər, SMS, şəxsi kabinet və ya rəsmi poçt vasitəsilə təqdim olunması üstün tutulur. Yəni sürücü artıq qərarı avtomobilin üzərində fiziki kağız şəklində deyil, daha rəsmi və izlənilə bilən kommunikasiya kanalları vasitəsilə əldə edir. Əsas fərq də məhz buradadır: kağız bildirişdən rəqəmsal və hüquqi baxımdan daha nəzarətli bildiriş sisteminə keçid edilir. Şüşəyə qərar qoyulmamasının əsas səbəblərindən biri praktiki problemlərin və hüquqi mübahisələrin qarşısını almaqdır. Çünki əvvəlki qaydada sürücü “mənə bildiriş çatmayıb”, “kağız itib”, “başqa şəxs götürüb”, “külək aparıb” və ya “heç görməmişəm” kimi iddialar irəli sürə bilirdi. Bu isə həm vətəndaşla dövlət orqanı arasında mübahisələr yaradırdı, həm də qərarın rəsmi qaydada təqdim olunub-olunmadığı məsələsini çətinləşdirirdi. Yeni sistemdə isə elektron qeydlər və çatdırılma məlumatları hüquqi sübut kimi daha etibarlı hesab olunur".
A.Nəbiyev təhlükəsizlik və məxfiliklə bağlı da danışıb. O bildirib ki, avtomobilin şüşəsinə qoyulan qərarda sürücünün məlumatları, dövlət nömrə nişanı və inzibati məsuliyyət barədə məlumat görünə bilər: "Bu isə şəxsi məlumatların üçüncü şəxslər tərəfindən görülməsi riskini yaradırdı. Bundan əlavə, bəzi hallarda sürücülər cərimə kağızını gördükdə emosional reaksiya verərək nəqliyyat vasitəsini təhlükəli şəkildə idarə etməyə başlayır və ya həmin anda mübahisə yaranırdı. Yeni yanaşma bu kimi halların da azalmasına hesablanıb. Ümumilikdə dəyişiklik dövlət xidmətlərinin rəqəmsallaşdırılması, inzibati prosedurların şəffaflaşdırılması və vətəndaş–qurum münasibətlərində hüquqi dəqiqliyin artırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir".
Fatimə
19:45 07.05.2026
Oxunuş sayı: 49