İntensiv yağıntılar: təbiət üçün fayda, yoxsa təhlükə?
İqlim dəyişiklikləri fonunda son illər müşahidə olunan hava hadisələri göstərir ki, yağıntıların xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər daha sabit və bərabər paylanan yağışlar artıq qısa müddətdə intensiv və aramsız şəkildə özünü göstərir. Bu isə həm təbiətə, həm də insanların gündəlik həyatına birbaşa təsir edən yeni reallıq formalaşdırır.
Məhz bu baxımdan intensiv və aramsız yağan yağışların doğurduğu nəticələri təhlil etmək, onların təbiətə olan müsbət və mənfi təsirlərini aydın şəkildə ortaya qoymaq olduqca vacibdir.
Mövzu ilə bağlı professor,iqlimşünas alim Nazim Hüseynov Crossmedia.az-a açıqlama verib:
“İntensiv və aramsız yağan yağışlar təbiətdə həm müsbət, həm də mənfi təsirlərlə müşayiət olunur. Son dövrlərdə müşahidə olunan əsas xüsusiyyət ondan ibarətdir ki, illik yağıntı miqdarı ümumilikdə azalsa da, qısa zaman kəsiyində düşən yağıntıların həcmi kəskin şəkildə artmışdır. Bu isə təbiətdə proseslərin daha kəskin və intensiv formada baş verməsinə səbəb olur. Müsbət baxımdan belə yağıntılar böyük həcmdə su kütləsinin formalaşmasına gətirib çıxarır. Qısa müddət ərzində yer səthinə daxil olan bu su kütləsi ümumi su ehtiyatlarının artmasına səbəb olur və iri həcmdə suyun toplanmasını təmin edir. Bu miqyasda yağıntılar bəzən böyük su anbarlarının həcmi ilə müqayisə edilə biləcək səviyyəyə çatır və hidroloji dövriyyədə mühüm rol oynayır”.
İqlimşünas alim Camal Hüseynov isə açıqlamasında intensiv yağışların mənfi təsirlərindən danışıb: “Qısa müddətdə normadan bir neçə dəfə artıq yağıntının düşməsi hidroloji tarazlığı pozur və böyük həcmdə suyun eyni anda yer səthinə daxil olmasına səbəb olur. Bu zaman su sürətlə toplanır, xüsusilə urban ərazilərdə axın intensivləşir və mövcud drenaj sistemləri bu yükə tab gətirə bilmir. Nəticədə kanalizasiya və yağış sularının kənarlaşdırılması sistemləri iflic olur və çökmə halları baş verir. Bundan əlavə, belə intensiv yağışlar sel və subasma riskini artırır, bəzi hallarda isə dağıntılara gətirib çıxarır. Yağıntının geniş əraziləri əhatə etməsi bu təsirlərin daha geniş miqyasda yayılmasına səbəb olur. Qısa müddətdə düşən bu qədər böyük su kütləsi təbiətdə və yaşayış mühitində ciddi hidrometeoroloji hadisələr yaradır və təhlükə potensialını artırır. Beləliklə, intensiv və aramsız yağışlar bir tərəfdən su ehtiyatlarının formalaşmasına töhfə versə də, digər tərəfdən qısa müddətdə həddindən artıq yağıntının düşməsi səbəbindən subasma, sel və infrastruktur problemləri kimi ciddi mənfi nəticələr doğurur”.
Ayhan
15:00 10.04.2026
Oxunuş sayı: 208