Trampa qarşı sui - səd cəhdinin pərdəarxası- Türkiyəli politoloq şərh etdi
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı şam yeməyində hücum edənin hədəfinin məhz o olduğuna əmin olmadığını bildirib.
"Bunu dəqiq demək mənim üçün çətindir. Məndə belə bir təəssürat yarandı. Yazdıqlarına əsasən, bu adam çox şey yaşayıb. Çox güman ki, o, kifayət qədər xəstə bir oğlan olub", - Tramp atəş açanın birbaşa hədəfinin prezident olub-olmaması barədə sualı cavablandırarkən bildirib.
Bundan başqa, dövlət başçısı Məxfi Xidmətin fəaliyyəti barədə müsbət fikirlər səsləndirib.
"Onu kifayət qədər tez saxladılar. Bu oğlanlar ötən axşam işin öhdəsindən əla gəldilər, onlar, həqiqətən, də yüksək səviyyədə işlədilər", - prezident vurğulayıb.
Daha əvvəl "The Washington Post" qəzeti Ağ Evdəki mənbəyə istinadən iddia etmişdi ki, Prezident Administrasiyası yüksək vəzifəli hökumət nümayəndələrinin iştirak etdiyi digər tədbirlərlə müqayisədə bu tədbirdə "daha aşağı səviyyəli mühafizə" təmin edib və bununla da faktiki olaraq "ölkəni son dərəcə həssas vəziyyətə salıb".
"Washington Hilton" otelində Trampın iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. ABŞ lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Qəbulda ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan başqa, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqonun rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, eləcə də ABŞ administrasiyasının bir sıra digər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Sözügedən hadisə barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, bununla Trampa qarşı üçüncü sui - qəsd cəhdinin qarşısı alınıb: "Bu sui-qəsd cəhdi Trampı müharibəni davam etdirməyə məcbur etmək üçün silah lobbiləri tərəfindən təşkil edilən psixoloji əməliyyat kimi qəbul edilir. Başqa sözlə, əsas fərziyyə budur ki, bu hadisə müharibənin davam etməsini istəyən Amerika silah lobbiləri tərəfindən dəstəklənib. Bundan əlavə, hücum sanki İran tərəfindən təşkil edilmiş kimi təqdim olunur. Belə təsəvvürlər formalaşdırılır ki, sanki İran İslam İnqilabı Keşikçilər korpsunun liderinin qisası alınır və müharibə Amerika qitəsinə doğru yayılır. Beləliklə, Trampın İranla sülh sazişi bağlamaq əvəzinə, müharibəni yeni fazaya daşımasına dair fikirlər yayılır. Digər tərəfdən, İran-Amerika razılaşması ehtimalı baş verərsə, müharibə bitəcək. Beləliklə, silah lobbilərinin silah istehsal etmək potensialı zəifləyəcək. Bundan əlavə, İranın Amerika ilə danışıqlarında İsraildə baş nazir Benyamin Netanyahu hökumətinin devrilməsi ilə bağlı qeyri-rəsmi bir tələb var idi. Bəs nədən buna nail olunmadan Trampa qarşı sui - qəsd cəhdi təşkil olundu? Bu, Trampa qarşı ilk belə hərəkət deyil və görünür, davam edəcək. Lakin Tramp Rusiyanın Ukrayda düşdüyü bataqlıq kimi bir ssenari ilə üzləşməmək üçün məsələsini həll etmək və Çinlə hesablaşmaq istəyir".
18:01 27.04.2026
Oxunuş sayı: 77