Azərbaycanın mina problemi nə vaxt həllini tapacaq?
Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq gündəmində minatəmizləmə məsələsinin ön plana çıxması regionda post-münaqişə dövrünün ən həssas və strateji istiqamətlərindən birinə diqqətin artdığını göstərir.
Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması, məcburi köçkünlərin geri dönüşü və infrastrukturun bərpası baxımından bu sahədə beynəlxalq dəstək həyati əhəmiyyət daşıyır.
Bu kontekstdə Avropa İttifaqı tərəfindən minatəmizləmə fəaliyyətinə dəstəyin genişləndirilməsi ehtimalı həm humanitar, həm də siyasi baxımdan mühüm siqnaldır.
Bu yanaşma yalnız texniki yardım məsələsi deyil, eyni zamanda regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş daha geniş strateji əməkdaşlığın tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Mövzu ilə bağlı Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında ictimai şuranın sədri Umud Mirzəyev Crossmedia.az-a açıqlama verib:

“Çox təəssüf ki, bu gün Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında ilk pillələrdə qərarlaşır. Ekspertlərin rəylərinə əsasən bu gün ölkə ərazisində 1.5 milyondan çox mina olması ehtimal olunur. Bu olduqca ciddi rəqəmdir.
Ancaq daha çox təəssüf etdiyimiz məqamlardan biri də bu cür ağır statistika və açıq humanitar təhlükə fonunda Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq dəstəyin kifayət qədər olmamasıdır. Beynəlxalq təşkilatlar, qlobal donorlar son illərdə passivlik nümayiş etdirdilər.
Xüsusən, müxtəlif siyasi və regional səbəblərdən İkinci Qarabağ müharibəsindən sonra mina probleminin daha da qabardığı bir dönəmdə biz yetəri qədər fəal və sistemli beynəlxalq həmrəyliyin şahidi olmadıq.
Bir neçə gün öncə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibi Anita Hipper Avropa İttifaqının Azərbaycanda humanitar minatəmizləməyə dəstəyin genişləndirilməsini nəzərdən keçirməyə hazır olduğunu bildirdi.
Bu olduqca müsbət və ümidverici xəbərdir. Avropa İttifaqı son illərdə Azərbaycanda aparılan mina aksiyası proqramına ən çox dəstək göstərən və xüsusi diqqət ayıran qurumlardan biridir.
Biz bu dəstəyi yaxından hiss edən və layihələrin icrası ilə birbaşa benefisiarlara çatdıran vətəndaş cəmiyyəti təşkilatı olaraq sözügedən təşəbbüsü çox yüksək qiymətləndiririk.
2023-cü ildə Azərbaycanda ilk dəfə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qadın minaaxtaranlar komandaları də məhz Avropa İttifaqının dəstəyi ilə olan qrant layihəsi çərçivəsində formalaşdırıldı və bu təşəbbüs sonradan ölkədə mühüm və nümunəvi bir təcrübəyə çevrildi.
Bu gün qadınlardan ibarət olan həmin layihə heyəti ANAMA-nın dəstəyi ilə öz fəaliyyətinə davam edir. Təbii ki, bu tipli bir neçə uğurlu əməkdaşlıq nümunələrini qeyd etmək olar.
Hesab edirəm ki, Avropa İttifaqının bu sahədə dəstəyi təkcə minatəmizləmə üçün maliyyə ayırmaqla məhdudlaşmamalıdır. Aİ-nin analoji təcrübələrinə nəzər salsaq bu dəstək minatəmizləmə əməliyyatlarının texniki imkanlarının gücləndirilməsi, müasir avadanlıqların təmin edilməsi, peşəkar hazırlıq proqramlarının genişləndirilməsi, mina qurbanlarına reabilitasiya və sosial dəstək mexanizmlərinin gücləndirilməsi, eləcə də mina riskinə dair maarifləndirmə işinin artırılması kimi istiqamətləri də əhatə edə bilər.
İstənilən halda bu cür bəşəri problemə beynəlxalq təşkilatların, hökumətlərin səssiz qalmaması bizi yalnız sevindirir. Ümid edirik ki, yaxın gələcəkdə mina aksiyasına dəstək xarakterli konkret proqramların rəsmi elan olunması xəbərini eşidəcəyik.”
Ayhan
11:00 27.04.2026
Oxunuş sayı: 865