Son zəng - sadəcə tədbir, yoxsa sosial-psixoloji ehtiyac?
Təhsil həyatının ən emosional mərhələlərindən biri hesab olunan son zəng tədbirləri hər il minlərlə şagird üçün unudulmaz anlara çevrilir.
Bu gün yalnız məktəblə vidalaşma deyil, həm də bir həyat mərhələsinin başa çatmasının rəmzidir. Sevinc, həyəcan və bir az da kədər bu anlarda bir-birinə qarışaraq xüsusi bir atmosfer yaradır.
Cəmiyyətimizdə artıq ənənəyə çevrilmiş bu tədbirlər təkcə əyləncə deyil, həm də sosial və psixoloji məna daşıyır. Məhz bu baxımdan son zəngin mahiyyəti və onun şagirdlərin həyatındakı rolu daha dərindən düşünülməlidir.
Məsələ ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.
Professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli bildirib ki, son zəng tədbirləri məktəb həyatının ən yadda qalan və simvolik anlarından biridir.

Onun sözlərinə görə, bu gün şagirdlər üçün sadəcə bir tədbir deyil, həm də uzun illərin zəhmətinin, dostluqların və xatirələrin yekunu kimi xüsusi emosional məna daşıyır. Sevinc və kədərin iç-içə keçdiyi bu günün musiqili və şən formada qeyd olunması tamamilə təbiidir.
“Çünki şagirdlər bu mərhələdə həm bir dövrü başa vurur, həm də yeni həyata qədəm qoyurlar. Son zəng tədbirlərinin səliqəli və nizamlı şəkildə keçirilməsinin vacibliyi ilə razıyam.
Lakin bəzi vətəndaşların bu tədbirin imtahana hazırlığa ciddi mane olması ilə bağlı fikrini tam əsaslı hesab etmirəm. Söhbət cəmi bir gün davam edən bir tədbirdən gedir. Uzun aylar ərzində intensiv hazırlaşan şagirdlərin bir gününü bu cür emosional və simvolik şəkildə qeyd etməsi onların ümumi hazırlıq səviyyəsinə həlledici təsir göstərməz”.
Professor əlavə edib ki, şagirdlərin zehni və emosional istirahətə də ehtiyacları var və fasiləsiz dərs oxumaq effektiv deyil.
“Əksinə, şagirdlər robot deyil ki, fasiləsiz şəkildə yalnız dərs oxusunlar. Onların psixoloji vəziyyəti, motivasiyası və emosional ehtiyacları da nəzərə alınmalıdır.
Son zəng kimi tədbirlər məhz bu baxımdan əhəmiyyətlidir ki, şagirdlərə həm mənəvi rahatlıq verir, həm də yeni mərhələyə daha pozitiv ruh halı ilə keçməyə kömək edir.
Əsas məsələ balansın qorunmasıdır. Son zəng tədbirləri nə ifrat şəkildə uzadılmalı, nə də tamamilə məhdudlaşdırılmalıdır. Həmçinin tədbirin ssenarisi və səsləndirilən mahnılar öncədən məktəbin müəllim-pedaqoji heyəti ilə müzakirə edilməlidir.
Bayağı mahnılar və onların fonunda qeyri-etik hərəkətlər nə bizim mədəniyyətimizə uyğundur, nə də şagirdlər üçün əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, tədbir düzgün təşkil olunduqda bu ənənə həm şagirdlərin yaddaşında gözəl xatirə kimi qalır, həm də onların imtahan hazırlığına ciddi maneə yaratmır.
Məsələyə sosioloq Rəvan Əliyev də münasibət bildirib. O deyib ki, son zəng tədbirləri artıq cəmiyyətimizdə təkcə məktəb ənənəsi deyil, həm də sosial-psixoloji fenomen kimi formalaşıb.

“Bu gün şagirdlər üçün son zəng yalnız məktəblə vidalaşma deyil, eyni zamanda uzunmüddətli təhsil mərhələsinin emosional yekunu kimi qəbul olunur. Sevinc və kədərin paralel yaşanması da məhz bu keçid dövrünün təbii göstəricisidir”.
Ekspertin sözlərinə görə, sosioloji baxımdan yanaşdıqda, musiqili və şən formada keçirilən son zəng tədbirləri şagirdlər üçün psixoloji rahatlama funksiyası daşıyır.
“Uzun müddət imtahan stressi yaşayan gənclər üçün belə tədbirlər müəyyən rahatlıq yaradır, sosial əlaqələri gücləndirir və kollektiv yaddaş formalaşdırır. Bu da onların gələcək həyatında sosial adaptasiya baxımından müsbət rol oynayır”.
Rəvan Əliyev onu da qeyd edib ki, son zəngə hazırlıq prosesi həddindən artıq uzadılmamalıdır.
“Digər tərəfdən səsləndirilən narahatlıqları da nəzərə almaq lazımdır. Bəzi hallarda son zəng tədbirlərinin həddindən artıq geniş və uzunmüddətli şəkildə təşkili, xüsusilə repetisiya mərhələlərinin çox vaxt aparması şagirdlərin imtahana hazırlıq ritmini poza bilər. Bu isə daha çox təşkilati məsələlərdən qaynaqlanır. Yəni problem ənənənin özündə deyil, onun icra formasındadır.
Hesab edirəm ki, balanslı yanaşma vacibdir. Son zəng tədbirləri tamamilə məhdudlaşdırılmalı deyil, əksinə, daha səmərəli və vaxt baxımından optimal şəkildə təşkil olunmalıdır. Məktəblər bu tədbirləri şagirdlərin psixoloji vəziyyətini nəzərə alaraq, eyni zamanda imtahan prioritetlərini də unutmadan planlaşdırmalıdır”.
Sosioloq sonda əlavə edib ki, son zəng nə imtahana maneədir, nə də sırf əyləncə tədbiridir. O, düzgün idarə olunduğu halda həm motivasiyaedici, həm də sosial baxımdan faydalı bir mərhələdir. Burada əsas məsələ ənənəni qorumaqla yanaşı, onu müasir təhsil reallıqlarına uyğunlaşdırmaqdır.
Turqut Ansari
17:50 24.04.2026
Oxunuş sayı: 57