Çaylarda suyun artması hansı bölgələr üçün təhlükə yaradır?
Azərbaycanda son dövrlərdə müşahidə olunan intensiv və fasiləsiz yağıntılar ölkənin hidroloji vəziyyətinə ciddi təsir göstərmiş, çay hövzələrində su ehtiyatlarının kəskin artımı ilə nəticələnmişdir.
Xüsusilə, yaz mövsümünün əvvəlindən etibarən yağan güclü yağışlar torpaq qatının su ilə doyma səviyyəsini maksimum həddə çatdırmış, bunun nəticəsində səth və yeraltı axınların həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu proseslər çay sistemlərində təbii tarazlığın müvəqqəti pozulmasına və sululuğun normadan artıq səviyyəyə qalxmasına səbəb olmuşdur.
Mövcud hidroloji şərait fonunda çaylarda su sərfinin artması, su anbarlarının doluluq səviyyəsinin yüksəlməsi və bəzi ərazilərdə potensial daşqın riskinin formalaşması xüsusi diqqət tələb edən məsələlərdəndir.
Bu kimi halların düzgün qiymətləndirilməsi və idarə olunması yalnız operativ monitorinq və dəqiq proqnozlar əsasında mümkün olmaqla yanaşı, həm də su ehtiyatlarının səmərəli tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son dövrlərdə müşahidə olunan intensiv yağıntılar ölkənin çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Xüsusilə, mart ayının sonlarında, eləcə də aprel ayının əvvəlində və ortalarında yağan güclü yağışlar nəticəsində çaylarda sululuq yüksəlmiş, eyni zamanda qrunt sularının səviyyəsi artmışdır. Bu amillərin birgə təsiri nəticəsində yaranan əlavə axınlar çaylara yönələrək mövcud hidroloji vəziyyəti daha da gərginləşdirmişdir.
Normal şəraitdə Kür çayının Qıraqkəsəmən məntəqəsində (Gürcüstandan Azərbaycana daxil olan hissədə) su sərfi saniyədə təxminən 420–450 kubmetr təşkil etdiyi halda, son ölçmələrə əsasən bu göstərici 740 kubmetrə qədər yüksəlmişdir. Bu isə əhəmiyyətli artım deməkdir.
Axının çoxalması nəticəsində su səviyyəsi təxminən 2,5 metr yüksəlmişdir ki, bu da Mingəçevir Su Elektrik Stansiyası və Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir və digər su anbarlarında su ehtiyatlarının artmasına və doluluq səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.
Belə ki, Mingəçevir Su anbarından Kür çayına buraxılan suyun həcmi əvvəl saniyədə təxminən 400 kubmetr olduğu halda, hazırda bu göstərici 600 kubmetrdən artıqdır. Bu isə Ağcabədi, Zərdab və Kürboyu digər ərazilərdə su səviyyəsinin yüksəlməsinə, bəzi yerlərdə isə riskli vəziyyətin yaranmasına səbəb olmuşdur.
Mövcud proqnozlara əsasən yaxın günlərdə intensiv yağıntıların gözlənilməməsi su səviyyəsinin müəyyən müddətdən sonra sabitləşəcəyini göstərir. Lakin yağışların yenidən başlaması ehtimalı istisna olunmur. Belə olacağı təqdirdə çaylarda suyun daha da artması və daşqın təhlükəsinin yaranması mümkündür. Hazırkı vəziyyətdə sululuq səviyyəsi artıq yüksək həddə çatmışdır və əlavə olaraq 1-1,5 metrlik artım daşqın riskini reallaşdıra bilər.
Eyni zamanda, aprel ayının sonlarına doğru iqlim şəraitinin istiləşməsi və yağıntıların azalması çayların tədricən öz normal məcrasına qayıtmasına şərait yarada bilər".
Elmir Heydərli
17:30 24.04.2026
Oxunuş sayı: 388