Hava niyə qəfil dəyişir? - regionda nə baş verir
Son günlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti cəmiyyətdə müəyyən suallar doğurur: yaz fəslində belə kəskin dəyişkənlik nə dərəcədə normaldır və bu proseslərin arxasında hansı amillər dayanır?
Mövsümi keçid dövrlərində atmosferdə baş verən dinamik proseslər bəzən gözləniləndən daha intensiv xarakter alır və bu da gündəlik həyatımıza birbaşa təsir göstərir.
Xüsusilə yerləşdiyimiz coğrafi mövqe müxtəlif mənşəli hava kütlələrinin toqquşma nöqtəsində olduğundan, regionda hava hadisələri tez-tez kəskin dəyişir.
Bu baxımdan, son günlər baş verən yağıntılar və temperatur dalğalanmaları təkcə lokal deyil, daha geniş miqyaslı atmosfer proseslərinin nəticəsi kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son günlər müşahidə etdiyimiz hava şəraiti, əslində, yaz mövsümü üçün xarakterik sayılır. Hal-hazırda yazın ikinci ayındayıq və bu dövrdə atmosfer prosesləri daha dəyişkən olur. Bu dəyişkənlik əsasən şimaldan daxil olan soyuq hava kütlələri ilə cənubdan gələn isti hava axınlarının qarşılıqlı təsiri ilə bağlıdır.
Hazırda Azərbaycan və ümumilikdə Cənubi Qafqaz bölgəsi arktik mənşəli siklonların aktiv təsiri altındadır. Bu siklonlar əsasən Qrenlandiya üzərindən formalaşaraq, iqlim dəyişiklikləri və qlobal istiləşmə fonunda hərəkət trayektoriyasını genişləndirir. Onlar Şərqi Avropa istiqamətindən Cənubi Qafqaz dağ silsilələri vasitəsilə, eyni zamanda Şərqi Sibir və Xəzər dənizi üzərindən regiona daxil olaraq hava şəraitinə ciddi təsir göstərir.
Bu proseslərin nəticəsində bölgədə rütubətlilik artır, hava temperaturu əvvəlki illərlə, xüsusilə son onilliklə müqayisədə nisbətən aşağı olur və intensiv yağıntılar müşahidə edilir.
Eyni zamanda, cənub istiqamətindən daxil olan daha isti və rütubətli hava kütlələri bu siklonların aktivliyini daha da gücləndirir və nəticədə güclü yağışlar formalaşır.
Beləliklə, soyuq və isti hava kütlələrinin toqquşması nəticəsində yaranan bu mürəkkəb sinoptik vəziyyət hazırda müşahidə etdiyimiz qeyri-sabit hava şəraitini şərtləndirir.
Bu hal təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda, Xəzər dənizi hövzəsində, eləcə də Türkiyə və bəzi Orta Asiya ölkələrində də müşahidə olunur.
Proqnozlara əsasən, ayın sonlarına doğru və növbəti ayın ortalarından etibarən hava şəraitinin tədricən sabitləşəcəyi və temperaturun yüksələcəyi gözlənilir.
Bu isə Günəş radiasiyasının artması və regionun daha çox isinməsi ilə bağlıdır. Nəticə etibarilə, yağıntıların azalması və daha quru, sabit yaz havasının formalaşması ehtimal olunur".
Elmir Heydərli
13:30 22.04.2026
Oxunuş sayı: 502